Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulmuşdur. Gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır.
Layihənin icrası prosesində beynəlxalq məsləhətçi şirkət tərəfindən Azərbaycan ərazisində üzən günəş (FPV) panellərinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma hazırlanmış, Coğrafi Məlumat Sisteminə (GIS) əsaslanan metodologiya tətbiq edilməklə su hövzələrinin günəş enerjisi potensialı dəyərləndirilmişdir. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.