Beynəlxalq təcrübəyə əsasən, bərpa olunan enerji mənbələrinin potensialı müxtəlif kateqoriyalar üzrə qiymətləndirilir.
- Ümumi (resurs) potensial bərpa olunan enerji mənbələri üçün fiziki məhdudiyyətlər (dağ, dərə, meşə, şəhərlər, yollar və s.) və enerji çevrilmələrində itkilər nəzərə alınmadan ölkə ərazisində mövcud olan bütün bərpa olunan enerji mənbələrinin növünün tam və səmərəli istifadəsi zamanı əldə oluna biləcək enerjinin nəzəri miqdarıdır.
- Texniki potensial ümumi potensialın bir hissəsi olaraq texniki qurğuların müəyyən inkişaf səviyyəsində əldə edilməsi mümkün olan bərpa olunan enerjinin miqdarıdır. Bu zaman əsasən iki əsas faktor, istisna zonaları və çevrilmə itkiləri, nəzərə alınır.
- İqtisadi potensial texniki potensialın iqtisadi cəhətdən səmərəli şəkildə reallaşdırıla bilən hissəsidir. İqtisadi potensialın hesablanması zamanı bütün xərclər və sosial-iqtisadi amillər nəzərə alınır və bu potensial özündə həyata keçirilməsi iqtisadi cəhətdən səmərəli olan əraziləri ehtiva edir.
- Bazar potensialı isə digər bərpa olunan enerji mənbələri layihələri ilə müqayisədə daha çox gəlir gətirə bilən BOEM potensialıdır.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Dünya Bankının təşəbbüsü ilə günəş və külək enerjisindən istifadənin dəstəklənməsi üçün hazırlanmış Qlobal Günəş Atlası və Qlobal Külək Atlası tərəfindən təmin edilən xəritələrdə Azərbaycan Respublikası ərazisi üzrə birbaşa normal radiasiya, qlobal üfüqi radiasiya, eyni zamanda fotovoltaik potensial üzrə günəş radiasiyası və külək enerjisi potensialı haqqında məlumatlar əks olunmuşdur.
Dənizdə külək enerjisi potensialı
Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisinin texniki potensialı, dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt olmaqla, ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilmişdir.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı
Təhlillər göstərir ki, Vətən müharibəsində ölkəmizin qələbəsi işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından digər məqsədlərlə yanaşı, enerji məqsədli istifadəyə şərait yaratmışdır. Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.
İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir.
Digər bərpa olunan enerji mənbələrinə gəldikdə isə, Kəlbəcər və Şuşada geotermal enerji mənbələrinin olmasına dair müvafiq elmi araşdırmalar var. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı nəticəsində gələcəkdə bioenerji potensialı qiymətləndiriləcəkdir.