Geotermal enerji dedikdə yer qabığının müxtəlif dərinliklərində toplanan istilik nəticəsində əmələ gələn kimyəvi maddələrdən, isti su və buxardan birbaşa və ya dolayı yolla istehsal edilən enerji nəzərdə tutulur. Xüsusiyyətlərindən asılı olaraq, geotermal enerji istilik və soyutma məqsədləri üçün və ya təmiz elektrik enerjisi istehsal etmək üçün istifadə edilə bilər. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması bərpa olunan enerji mənbələri sırasında onların xüsusi əhəmiyyətə malik olduğunu göstərir.
Geotermal enerji texnologiyaları
Dünyada fərqli inkişaf səviyyələrinə malik müxtəlif geotermal texnologiyalar mövcuddur ki, mərkəzi istilik sistemləri, istixanalar və digər tətbiq sahələrində geniş istifadə edilir. Təbii yüksək keçiriciliyə malik hidrotermal rezervuarlardan elektrik enerjisi istehsalı texnologiyası da etibarlı sayılır. Hal-hazırda dünyada istismar edilən geotermal elektrik stansiyalarının əksəriyyəti quru buxar turbinli və ya “flaş” qurğu (tək, ikiqat və üçlü) əsaslı olmaqla 180°C-dən yuxarı isti su mənbələrində istifadə edilir. Bundan əlavə, keçid mərhələsində olan “Enhanced Geothermal Systems (EGS)” kimi yeni texnologiyalar da inkişaf etdirilir.
Geotermal enerjinin istifadəsi
Geotermal suların növündən və tempraturundan asılı olaraq 3 əsas istifadə istiqaməti mövcuddur:
- Elektrik enerjisi istehsalı (geotermal su buxarının turbini hərəkətə gətirməsi yolu ilə);
- İstilik enerjisi istehsalı;
- Balneoloji sağlamlıq (müalicə) məqsədləri üçün istifadə.
Yüksək və çox yüksək termal sular elektrik və istilik enerjisi istehsalı üçün yararlı olduğu halda, termal və zəif termal sular yalnız istilik enerjisi istehsalı üçün yararlıdır. Mineral sulardan isə bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.
Geotermal sulardan alternativ enerji mənbələri kimi istifadə etmək üçün bu suların tərkibinin araşdırılması onların istilik-fiziki xüsusiyyətlərinin öyrənilməsi əsas faktorlardan hesab olunur. Burada əsasən suların kimyəvi analizi, su çıxan ərazilərin geoloji quruluşlarının öyrənilməsi vacib şərtlərdən biridir.
Dünyada geotermal enerji
Geotermal enerji hal-hazırda dünyada ən az istifadə olunan bərpa olunan enerji mənbəyidir. REN21 “Global Status Report” hesabatına əsasən, 2020-ci il üzrə dünyada geotermal elektrik stansiyalarının qoyuluş gücü cəmi 0,1 QVt təşkil etmişdir ki, bu qoyuluş gücün əsas hissəsi Türkiyə ərazisində quraşdırılmışdır. Geotermal enerji üzrə toplam qoyuluş gücü isə 14 QVt təşkil edir.
Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin (IRENA) məlumatına əsasən, dünya üzrə geotermal enerji gücünə sahib olan ölkələrin ilk beşliyi sırasına ABŞ (2 QVt), İndoneziya (2 QVt), Filippin (1 QVt), Türkiyə (1 QVt) və Yeni Zelandiya (984 MVt) daxildir.
Mənbə: IRENA
Geotermal enerjidən alınan elektrik enerjisi dünya əhalisinin cəmi 1%-ni elektrik enerjisi ilə təmin edir, halbuki Yer kürəsinin geotermal enerji potensialı yer üzündəki bütün insanların enerji ehtiyaclarını qarşılayacaq gücdədir. Qazma və kəşfiyyat işlərinin yüksək xərc tələb etməsi bu potensialın realizasiyasında çətinliklər yaradan amillərdən hesab olunur.