Hidroenerji ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla yanaşı, dünyada ən geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir. Hidroenerji çayın və ya digər su hövzəsinin təbii gedişatının dəyişdirilərək yaradılan bəndlərdən və ya axar sudan istifadə etməklə elektrik enerjisinin istehsal edildiyi bərpa olunan enerji mənbəyidir.
Hidroenerji daim yenilənə və təkrarlana bilən su dövriyyəsi sisteminə əsaslanır və istehsal edilən enerjinin miqdarı axan suyun sürətindən asılı olaraq dəyişir. Su axınının həcmi və ya su hövzəsində hündürlüyün dəyişməsi axan suda mövcud olan enerji miqdarını müəyyən edir.
Su elektrik stansiyaları texnologiyaları
Hidroenerjidən elektrik enerjisi almaq məqsədilə qurulan su elektrik stansiyaları (SES) potensial hidroelektrik enerjisini, yəni suyun kinetik enerjisini elektrik enerjisinə çevirmək üçün zəruri olan və gün ərzində 24 saat işləyə bilən elektromexaniki qurğu və avadanlıqlar toplusudur. Bu kinetik enerjini elektrik enerjisinə çevirmək üçün turbinlərdən və generatorlardan istifadə edilir.
SES-lərdə davamlı olaraq dövriyyədə olan su axını sayəsində daim elektrik enerjisi istehsal edilə bilir. Ümumiyyətlə, su axını nə qədər çox olarsa və suyun təzyiqi nə qədər yüksək olarsa, su elektrik stansiyası bir o qədər çox elektrik enerjisi istehsal edə bilər.
Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. İstifadə formalarına əsasən su elektrik stansiyalarının üç növü vardır:
Axar su elektrik stansiyaları: Bu tip stansiyalar bəndlər və ya su anbarları olmadan, adətən çayın təbii axınına müdaxilə etmədən onun gücünün hidroturbinə yönləndirilməsi nəticəsində elektrik enerjisi istehsal edən daha kiçik miqyaslı sistemlərdir. Kiçik su elektrik stansiyalarını daha çox eko-dost stansiyalar hesab edir.
Mənbə: https://www.energy.gov/
Ehtiyat su anbarları olan su elektrik stansiyaları: Bu tip stansiyalarda su çaylar üzərindəki suyun axınına nəzarət etmək məqsədilə tikilən bəndlər vasitəsilə yaradılan su anbarlarında saxlanılır, elektrik enerjisi istehsal etmək üçün hidroturbinlər vasitəsilə buraxılır.
Mənbə: https://www.energy.gov/
Hidroelektrik nasos stansiyaları: Bu tip stansiyalarda su nasoslar vasitəsilə mənbəyindən daha yüksək anbara vurularaq saxlanılır. Elektrik enerjisinə tələbat yarandıqda yuxarı anbardan buraxılan su aşağı hövzəyə axdıqca hidroturbinlər vasitəsilə elektrik enerji istehsal edilir.
Dünyada hidroenerji
Bərpa olunan enerji mənbələri içərisində dünyada ən böyük istehsal gücünə malik stansiyalar su elektrik stansiyalarıdır. 2020-ci il məlumatlarına əsasən (IRENA) su elektrik stansiyalarının qoyuluş gücü hidroakkumulyasiya stansiyaları istisna olmaqla 1211 QVt, dünyada bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün 43%-ni təşkil edir. Yer kürəsində istehsal olunan bütün bərpa olunan elektrik enerjisinin təxminən 71%-i hidroenerjidən əldə edilir.
Dünyanın aparıcı hidroelektrik istehsalçıları Çin, Braziliya, ABŞ, Kanada və Rusiyadır.
Mənbə: IRENA