AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Hidrogen

Hidrogen rəngsiz, qoxusuz, dadsız, şəffaf olmaqla kainatın ən yüngül elementidir. Hidrogen karbonsuz gələcəyə nail olmaq üçün vacib bir element hesab edilir. Belə ki, hidrogen təmiz enerji sistemlərində “gələcəyin enerjisi” və uzunmüddətli enerji saxlanması üçün imkanlar yaradan effektiv vasitə kimi qiymətləndirilir.

Hidrogen çəkisinə görə istənilən yanacaqdan daha çox enerji tutumuna (benzindən təxminən üç dəfə çox), lakin həcminə görə daha az enerji tutumuna (benzindən təxminən dörd dəfə az) malikdir. Lakin hidrogen elementinin təbiətdə saf element şəklində olmaması və birləşmələr şəklində olması bu mənbədən enerji baxımından istifadəni çətinləşdirir. Hidrogen su, biokütlə və digər yanacaq növləri daxil olmaqla, müxtəlif mənbələrdən əldə edilməklə enerji və ya yanacaq mənbəyi kimi istifadə edilə bilər. 

Hidrogen təmiz yanan yanacaq növüdür. Hidrogenin yanması zamanı yan məhsul kimi yalnız su buxarı əmələ gəlir və bu proses zamanı istilik və elektrik enerjisinin istehsalı baş verir. Hidrogenin potensialı iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində çox yüksək qiymətləndirilir. Dekarbonizasiya prosesinin daha mürəkkəb olduğu dəniz, hava nəqliyyatı və müəyyən sənaye proseslərində hidrogen enerjisi ənənəvi yanacaqları əvəzetmə qabiliyyətinə malikdir. Hidrogendən hazırda yanacaq kimi geniş miqyasda istifadə olunmur. Belə ki, səmərəlilik və davamlılıq baxımından bu sahədə təkmilləşdirmələrə və müasir texnologiyanın tətbiqinə ehtiyac duyulur.

Hidrogenin növləri

Hidrogen birbaşa yanacaqdan, biokütlədən və ya suyun elektroliz edilməsi vasitəsilə istehsal edilir. Hazırda hidrogenin istehsalı əsasən təbii qazdan istifadə olunaraq həyata keçirilir. Ümumiyyətlə istehsal prosesinin müxtəlifliyinə görə hidrogen aşağıdakı növlərə ayrılır:

Qəhvəyi hidrogen (Qara hidrogen): Kömürün qazlaşdırılması yolu ilə əldə edilir və istehsal prosesi zamanı karbon dioksid sərbəst şəkildə atmosferə buraxılır. Buna bəzən qara hidrogen deyilir.

Boz hidrogen: Təbii qazdan əldə edilir. Hazırda iqtisadi cəhətdən ən ucuz başa gələn hidrogen növüdür.  Bu səbəbdən də geniş yayılmışdır.

Mavi hidrogen: Təbii qaz vasitəsilə istehsal olunur. Bu prosesdə karbon tutma texnologiyalarının (CCUS) tətbiq edilməsi  ilə CO2 emissiyalarının bir hissəsinin və ya hamısının atmosferə atılmasının qarşısı alınır.

Yaşıl hidrogen: Ekoloji cəhətdən ən təmiz hidrogen növüdür. Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə edilərək suyun elektroliz yolu ilə parçalanmasından alınır. Yaşıl hidrogenin istehsalı digər növlərlə müqayisədə baha başa gəlir. Bununla belə, gələcəkdə elektrolizatorların dəyərinin azalması yaşıl hidrogenin istehsal xərclərinin də aşağı düşməsinə səbəb olacaqdır.  

Bənövşəyi (qırmızı, çəhrayı) hidrogen: Bənövşəyi hidrogen nüvə enerjisindən istifadə edilərək suyun elektroliz edilməsi yolu ilə istehsal olunur. Bu proses zamanı CO2 emissiyası yaranmır, lakin bu üsul ekoloji cəhətdən tamamilə təmiz hesab olunmur.

Hidrogen iqtisadiyyatı

Hidrogenin müxtəlif enerji mənbələrindən hasil edildiyi, daha sonra istifadə məqsədilə saxlanılması, boru xətləri ilə digər yerlərə ötürülməsi və sonra istilik və elektrik enerjisinə çevrilməsi texnologiyası gələcəyin “hidrogen iqtisadiyyatı” adlandırılır. Hazırda dünyada enerji istehsalı, saxlanması və paylanması sahələri daxil olmaqla, bütün sektorlarda (binalar və ev təsərrüfatları üçün elektrik, istilik və soyutma; sənaye; nəqliyyat; xammal istehsalı və s.) hidrogen sınaqdan keçirilir. Bu məqsədlə dünya ölkələri öz enerji strategiyaları ilə bağlı hədəflər və planlar irəli sürmüşdür.

Avropa İttifaqı ölkələri yaşıl enerjiyə keçid hədəflərinə nail olmaq üçün yaşıl enerji texnologiyalarına, eləcə də hidrogenə investisiyaları əhəmiyyətli dərəcədə artırır. Beynəlxalq təcrübədə bu sahədə iqtisadi aktivliyin artırılması məqsədilə qısa və ortamüddətli dövrlər üçün müxtəlif tarif siyasəti və alətləri tətbiq edilməkdədir. Ümumiyyətlə, son illərdə keçid dövrünü yaşayan energetika sektorunda hidrogenin istehsalı və istifadəsi uzunmüddətli perspektivdə enerji keçidi prosesinə öz əhəmiyyətli töhfəsini verəcək həllərdən biri kimi müəyyən olunmuşdur.