AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)

“Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi

 

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, hərraclar üçün şərtlər toplusu, həmçinin imzalanmalı olan müqavilələrin hazırlanması təmin edilir. Layihənin həyata keçirilməsində beynəlxalq məsləhətçi şirkət cəlb edilmiş və müvafiq qaydalar layihəsi hazırlanmışdır.

"Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir. Mövcud sahədə tənzimləyici hüquqi bazanın təkmilləşdiriməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcəkdir.

 

“Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün təmiz ölçü sistemi üzrə normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihəsi

 

AYİB-in Azərbaycandakı fəaliyyətinin bir hissəsi kimi, AYİB və Azərbaycan Respublikası Energetika Nazirliyi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində “Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün təmiz ölçü sistemi üzrə normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihəsi həyata keçirilir. 

Layihə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa və  hazırlanmaqda olan bərpa olunan enerji sahəsi üzrə alt qanunvericilik sənədlərinə müvafiq olaraq kiçikmiqyaslı bərpa olunan enerji qurğularından istifadə üçün təmiz ölçü sisteminin layihələndirilməsində və tətbiqində Azərbaycanın səlahiyyətli orqanlarını dəstəkləmək məqsədi daşıyır. 

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsi ilə layihənin əsas mərhələlərinin icrasına başlanılmışdır. Layihə üzrə beynəlxalq məsləhətçi şirkət müəyyənləşdirilmişdir. Eyni zamanda, layihə çərçivəsində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Aktiv istehlakçıların dəstəklənməsi mexanizminin tətbiqi qaydaları” hazırlanmışdır.

 

"Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması"

 

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə "Advisian" məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb.

Bazar Araşdırmasının nəticələrində, yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olduğu qeyd olunub, eləcə də regional enerji bazarlarına (o cümlədən Avropa İttifaqına) ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr (enerji və sənaye), hidrogen istehsalının maya dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

 

 

Hesabatda bildirilir ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına (quruda və dənizdə) və təbii qaz ehtiyatlarına malik olduğunu nəzərə alaraq aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli mövqeyə malikdir. Bazar Araşdırmasının nəticələrinə əsasən, maya dəyəri baxımından Azərbaycanda yaşıl hidrogen istehsalı regionun başqa ölkələri ilə bu istiqamətdə rəqabət apara bilər.

Hesabatın xülasəsini linkə keçid edərək oxuya bilərsiniz: 

https://area.gov.az/storage/pdf/Low_Carbon_Hydrogen_Economy_in_Azerbaijan_Executive_Summary.pdf