Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Almaniya Enerji Agentliyi (dena) arasında əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə dena arasında Azərbaycanın seçilmiş ərazilərində bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə mərkəzləşdirilməmiş enerji təchizatının təşviqi çərçivəsində Əməkdaşlıq” layihəsi həyata keçirilmişdir. Layihə üçün dena tərəfindən məsləhətçi şirkət müəyyənləşdirilmişdir.
Layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji bazarının inkişafı üçün bərpa olunan enerji üzrə çərçivə şərtlərinin yerinə yetirilməsində Energetika Nazirliyinə dəstək verməkdir.
Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək üçün müsahibələr və sorğular vasitəsilə müəyyən olunmuş maraqlı tərəflərin perspektivlərinin öyrənilməsi və bazar potensialının təhlil olunması ilə müxtəlif tətbiq sahələri müəyyənləşdirilmişdir.
Layihə çərçivəsində subartezian quyular üçün günəş enerjisi sistemləri, kiçik güclü mobil günəş və batareyalı enerji sistemləri, istixanalar üçün kombinə olunmuş günəş və istilik nasoslu enerji sistemləri, binalarda biokütlə enerjisindən istilik məqsədli istifadə üçün enerji sistemlərinin tətbiqi üzrə müxtəlif pilot layihə təklifləri irəli sürülmüşdür. Sözügedən pilot layihə təkliflərinə dair texniki və iqtisadi təhlil, icra strategiyası və maraqlı tərəflər müəyyən olunaraq mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək məqsədilə ümumi tövsiyələr işlənib hazırlanmışdır.