AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Bioenerji

Bioenerji biokütlədən, yəni bitki və ya heyvan mənşəli qalıqlardan əldə edilən bərpa olunan enerjinin bir növüdür. Bioenerjinin emalı nəticəsində avtomobil yanacağı, istilik və elektrik enerjisi, həmçinin müxtəlif məhsullar əldə edilir.

Bioenerjidən istifadə iki əsas kateqoriyaya bölünür və bunlara aşağıdakılar aiddir:

  • Ənənəvi bioenerji - biokütlənin ağac, heyvan tullantıları və ənənəvi kömür kimi formalarda yandırılması nəticəsində əldə olunan enerji;
  • Müasir bioenerji - baqasdan (şəkər qamışı və ya sorqo qalıqları) və digər bitkilərdən hazırlanmış maye bioyanacaqlar, bioemal zavodlarının məhsulları, qalıqların anaerob mühitdə çürüdülməsi nəticəsində əldə edilən bioqaz və digər texnologiyalardır.

Biokütlə mənbələri

Enerji istehsalı üçün biokütlə mənbələrinə aşağıdakılar daxildir:

  • Ağac və ağac emalı tullantıları - odun, ağac qranulları və yonqarları, mişar və mebel sənayesinin yonqar və tullantıları;
  • Kənd təsərrüfatı bitkiləri və tullantı materialları - qarğıdalı, soya, şəkər qamışı, darı, ağac bitkiləri və yosunlar, kənd təsərrüfatı və qida sənayesi tullantıları;
  • Bərk məişət tullantılarında biogen materiallar - kağız, pambıq və yun məhsulları, həmçinin qida tullantıları.
  • Heyvan peyini və məişət çirkab suları.

 

Biokütlə enerjisi texnologiyaları

Biokütlə enerjisindən elektrik enerjisi istehsal etmək üçün müxtəlif üsullar vardır ki, bunlara aşağıdakıları aid etmək olar:

  • İstilik üçün birbaşa yanma

Birbaşa yanma biokütlənin enerjiyə çevrilməsinin ən geniş yayılmış üsuludur. Ev təsərrüfatlarının qızdırılması və isti suyun əldə edilməsi, eyni zamanda sənayedə istilik enerjisinin istehsalı və buxar turbinlərində elektrik enerjisi istehsalı məqsədi ilə biokütlə məhsullarının yandırılması prosesidir.

  • Bərk, qaz və maye yanacaqların istehsalı üçün termokimyəvi çevrilmə

Biokütlənin termokimyəvi çevrilməsi dedikdə qazlaşdırma və ya piroliz yolu ilə qaz və maye yanacaq şəklində elektrik enerjisi istehsal olunması nəzərdə tutulur.

  • Piroliz üsulu 

Oksigensiz şəraitdə üzvi materialların 400-500 °C-ə qədər qızdırılması ilə kömür, bio-yağ, bərpa olunan dizel, metan və hidrogen kimi yanacaqların istehsalına imkan verir.

  • Qazlaşdırma üsulu 

Oksigen və/və ya buxar daxil edilməsi əsasında üzvi materialların 800-900°C temperaturda qızdırılması ilə sintez qazı adlanan hidrogenlə zəngin qaz hasil edilməsinə şərait yaradır.

  • Maye yanacaqların istehsalı üçün kimyəvi çevrilmə

Bitki və heyvan mənşəli yağlardan kimyəvi çevrilmə prosesi ilə biodizel və digər yanacaq növlərinin alınmasıdır.

  • Maye və qaz yanacaqlarının istehsalı üçün bioloji çevrilmə

Bioloji çevrilmə dedikdə biokütləni etanola çevirmək üçün fermentasiya üsulu və ya təbii qaz hasil etmək üçün anaerob çürümə üsulu nəzərdə tutulur.

Dünyada Bioenerji

IRENA-nın “Renewable Capacity Statistics 2021” hesabatına görə, bioenerji üzrə dünyada ümumi qoyuluş gücü 126 QVt təşkil edir. Dünya üzrə bioenerji gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Çin (18 QVt), Braziliya (15 QVt), ABŞ (11 QVt), Hindistan (10 QVt) və Almaniya (10 QVt)  daxildir.

Mənbə: IRENA