Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanı ilə yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.
Əsasnaməyə əsasən, Dövlət Agentliyi bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edən qurumdur.
Dövlət Agentliyi bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkili, tənzimlənməsi, əlaqələndirilməsi və eyni zamanda, müvafiq sahənin investisiya cəlbediciliyinin artırılması istiqamətində tədbirlər görür.
Dövlət Agentliyinin əsas hədəfləri, 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi, bu sahədə özəl sektorun iştirakının təmin edilməsindən ibarətdir.