AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası (YEZ)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır.

Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilmişdir. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcəkdir.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir:

  • “Güləbird” SES - 8 MVt;
  • “Suqovuşan-1” KSES - 4,8 MVt;
  • “Suqovuşan-2” KSES - 3,0 MVt;
  • “Kəlbəcər-1” KSES - 4,4 MVt.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcəkdir. 

Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanmışdır.