Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Bakı Ali Neft Məktəbi və Ekoloji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bərpa olunan enerji mənbələri üzrə təlimlər keçirilib.
Beş gün davam edən təlimlərdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri, Bakı Ali Neft Məktəbinin, Bakı Mühəndislik Universitetinin müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Azərbaycanın bərpa olunan enerji mənbələri potensialından, həyata keçirilən və planlaşdırılan işlərdən danışaraq bildirib ki, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün 30%-ə çatdırılması planlaşdırılır. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonası olmasının nəzərdə tutulduğunu bildirən Agentlik rəhbəri yaşıl enerjinin ölkənin milli prioritetlərindən biri elan edildiyini diqqətə çatdırıb. Təbriz Əmmayev bərpa olunan enerji mənbələri sahəsində genişmiqyaslı tədbirlər çərçivəsində yerli kadrların gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə əməkdaşlıq həyata keçiriləcəyini də diqqətə çatdırıb: “Dünyadakı ekoloji böhranın qarşısının alınması üçün bərpa olunan enerji mənbələrindən istifadə vacibdir. Bərpa olunan enerji mənbələri həm də tükənən sərvətlərdən istifadənin alternatividir. Artıq neft şirkətləri də bu sahəyə investisiya yatırır, sahənin inkişafı üçün addımlar atırlar. Azərbaycanın da bərpa olunan enerji mənbələrindən istifadə üzrə böyük planları var. Bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməyə başlanılıb. Bu layihələrdə çalışmaq üçün mütəxəssis hazırlığına əhəmiyyət veririk. Yeni yaradılan külək və günəş enerjisi stansiyalarında müəllim və tələbələrin təcrübə keçmələri, gələcəkdə hazırlayacağımız peşəkar məzunların bu layihələrdə işlə təminatı nəzərdə tutulan planlardandır”.
Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, Təlim-tədris proqramının koordinatoru Rövşən Abbasov bərpa olunan enerji sahəsində biliklərin əldə olunmasına istiqamətlənmiş bu təlimi irəliyə doğru böyük addım kimi qiymətləndirib. O, bərpa olunan enerji sahəsində Azərbaycanda böyük potensial olduğunu və bu sahədə mütəxəssis hazırlanmasının vacibliyini vurğulayıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.