Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Energy talks” (Enerji söhbətləri) layihəsi üzrə Bakı Slavyan Universitetində (BSU) “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib.
Tədbirdə EMTA-nın, həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) mütəxəssisləri, BSU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr, o cümlədən “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun üzvləri iştirak ediblər.
Seminarın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bununla əlaqədar olaraq universitetdə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, eləcə də bu il çərçivəsində yaradılmış “Yaşıl dünya naminə BSU könüllüləri” qrupu barədə məlumat verib və bildirib ki, bu qrup universitetin birinci rəsmi könüllülük hərəkatıdır: “Hədəfimiz ondan ibarətdir ki, il ərzində gənclərimiz “yaşıl dünya” kontekstində maarifləndirməyə öz dəstəklərini versinlər”- deyə rektor vurğulayıb. O, eyni zamanda, bu il Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladıb. A. Nağıyev, həmçinin “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın BSU-da təşkilinə görə EMTA rəhbərliyinə öz təşəkkürünü bildirib.
EMTA-nın Mətbuat sektorunun müdiri Zeynab Kazımova, öz növbəsində “Energy talks” layihəsi barədə qısa məlumat verib, bu layihə çərçivəsində ADNSU, BMU, AzTU və SDU kimi universitetlərlə birgə tədbirlər həyata keçirildiyini qeyd edib. Z.Kazımova “Yaşıl dünya naminə həmrəylik ili” münasibəti ilə ölkəmizdə müxtəlif səviyyələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. O, bildirib ki, BSU-da bu əlamətdar il çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis olunması diqqətçəkən və maraqlı bir təşəbbüs olmuşdur. Z.Kazımova həmçinin qeyd edib ki, bu ilin noyabrında ölkəmizin COP29-a ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiram və dəstəyin göstəricisidir.
Tədbirdə EMTA-nın fəaliyyəti haqqında qısa videoçarx nümayiş etdirilib.
Seminar EMTA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənovun “Elektrik avtomobilləri üçün enerji doldurma xidmətinin tənzimlənməsi” və BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Azərbaycanda yaşıl enerjinin inkişafı” mövzularında təqdimatları ilə davam edib.
Tədbirin yekununda maraq doğuran suallar ətrafında geniş sual-cavab sessiyası baş tutub.