AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

“Greentech Summer Camp 2021” adlı təlim keçirilib

Cari ilin 7-8 iyul tarixlərində Energetika Nazirliyi ilə “Masdar” və “bp” şirkətləri arasında mövcud əməkdaşlıq çərçivəsində “Greentech Summer Camp 2021” adlı təlim proqramı təşkil edilib.

Təlim proqramı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Elektrik Stansiyasında həm fiziki, həm də onlayn təşkil edilməklə hibrid formada keçirilib. Proqramın əsas mövzusunu bərpa olunan enerji mənbələrindən istifadə, günəş və külək enerjisi, dənizdə külək enerjisi, hidrogen enerjisi, elektroliz vasitəsi ilə “yaşıl hidrogen”in istehsalı, hidrogen yanacaq elementlərinin əsasları və “yaşıl enerji” texnologiyalarının tətbiqi təşkil edib. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Masdar” və “bp” şirkətlərinin mütəxəssislərinin məruzələri təqdim edilib və müzakirələr aparılıb.

Təlimin ikinci günündə iştirakçılara sertifikatlar təqdim edilib. Təqdimetmə mərasimində Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev, “bp” şirkətinin vitse-​prezidenti Bəxtiyar Aslanbəyli və Masdar şirkətinin baş meneceri Husain Al Meer də iştirak ediblər.

Tədbirdə çıxış edən Z.Məmmədov təlim proqramının iştirakçılarını təbrik edib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib: “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin qoyuluş gücü olaraq payını 30%-ə çatdırmaq hədəfi, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində təhsil müəssisələri və əlaqədar qurumlar üçün məlumatlandırma və təcrübə mübadiləsi tədbirlərinə də xüsusi önəm verilir ki, hazırkı iki günlük təlim proqramı bunun bariz nümunəsidir”.

“bp” şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Biz çox məmnunuq ki, Azərbaycan hökuməti dünyanın az karbonlu enerjiyə olan ehtiyacını qarşılamaq üçün qlobal səyləri fəal dəstəkləyir və ölkədə davamlı bərpa olunan enerji sektorunun inkişafı istiqamətində geniş işlər aparır. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkənin bərpa olunan enerji sahəsində beynəlxalq bilikləri bölüşmək və təcrübə mübadiləsi aparmaq səylərini həmişə dəstəkləmişik. Düşünürük ki, bu fəaliyyətlər Azərbaycanla enerji sahəsində olan əməkdaşlığımızı genişləndirmək və ölkənin enerji keçidinə dəstək vermək üçün yeni imkanlar açır. Eyni zamanda, bu, bp-nin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlmiş yeni məram, hədəf və strategiyasına da uyğundur. Hədəfimiz 2050-ci ilə qədər və ya daha tez “xalis sıfır” emissiyaya nail olmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir, yeni strategiyamızın müəyyənləşdirdiyi işlər isə bizi bu hədəfə çatdıracaq.”

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatlarımızın neft və qaza əsaslandığı ümumi irsi bölüşsələr də, bu gün ölkələrimiz anlayırlar ki, şaxələndirilmiş enerji balansına investisiyalar yalnız düzgün etik seçim deyil, həm də ağıllı iqtisadi strategiyadır. İqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üçün lazım olan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə, bilik və bacarıqların toplanmasına kömək edəcək, həmçinin bizim hamımıza təsir edən qlobal problemin həllinə əməli töhfə verəcəkdir. Masdar 2006-cı ildən etibarən iqlim dəyişikliyi probleminin həllində fəal rol oynayır və Azərbaycanın bərpa olunan energetika sahəsini inkişaf etdirməyə, enerji mənbələrini şaxələndirməyə və davamlı inkişafı stimullaşdırmağa kömək etmək üçün dünyanın 30-dan çox ölkəsində topladığımız təcrübədən istifadə etmək bizim üçün böyük şərəfdir” deyə Masdar şirkətinin aktivlərin idarə edilməsi və texniki xidmətlər üzrə baş meneceri Husain Al Meer bildirib.

Təlim proqramında ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, həmçinin Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “bp”, “Masdar” şirkəti və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

Göstərilən platformalarda paylaş: