AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın şöbə müdiri Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin təlim proqramında iştirak edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) tərəfindən 21 yanvar — 01 fevral tarixlərində Yokohama şəhərində yerləşən JICA təlim mərkəzində keçirilən “Hidrogen Enerjisi İstifadəsinin Təşviqi” adlı Biliklərin Birgə Yaradılması təlim proqramında iştirak edib.

Təlimdə Yaponiya hökümətinin 2050-ci ilə qədər karbon neytrallığına nail olunmasına dair öhdəliklərinin yerinə yetirilməsi məqsədilə elektrik-istilik enerjinin istehsalında, eləcə də beynəlxalq və yerli dəniz limanlarında yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələrində hidrogendən istifadəyə dair texnologiyalarının inkişafı üçün görülən tədqiqatlar və həyata keçirilən pilot layihələr barədə ətraflı məlumat verilib.

Rəna Hümbətova proqram müddəti ərzində çıxışlarında enerji keçidi texnologiyalarından istifadəyə dair təcrübə mübadiləsi çərçivəsində Azərbaycanın yaşıl enerji və iqlim dəyişmələri ilə əlaqədar öhdəliklərinin icrasına dair mövcud strateji sənədlər, müxtəlif hidrogen növlərinin istehsal imkanları barədə ətraflı məlumat verib. Qeyd edilib ki, hidrogen texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) texniki dəstəyi ilə “Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması” adlı tədqiqat aparılıb.

Rəna Hümbətova proqramın bağlanış mərasimində tədbir iştirakçılarının adından çıxış edərək JICA və Yaponiya hökümətinə təşəkkür edib. Proqram çərçivəsində Yaponiyada həyata keçirilən tədqiqatlar və pilot layihələrlə tanışlıq məqsədilə Yeni Enerji və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatının (NEDO) Fukusima Hidrogen Araşdırmalar Mərkəzinə və CHIYODA korporasiyasının araşdırmalar mərkəzinə sahə səfərləri təşkil edilib.

Proqramda Azərbaycanla yanaşı Özbəkistan, Çili, Argentina, Braziliya, Misir, Uruqvay, Kolumbiya, Namibiya və Laos dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Göstərilən platformalarda paylaş: