Energetika Nazirliyində Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli qürurunun bərpasının rəmzi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Energetika naziri Pərviz Şahbazov çıxışında Qarabağın tacı Şuşanın azadlığı ilə Vətən müharibəsinin taleyini həll edən 8 Noyabr gününün bütövlükdə regionun müqəddəratını müəyyənləşdirən böyük bir dövrün başlanğıcı olduğunu bildirib. Bu yeni geosiyasi nizamın memarı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz liderlik əzmi və dəmir iradəsi sayəsində uzunillik münaqişəni bənzərsiz sonluqla başa çatdırmaqla Qarabağın son iki əsrlik tarixini yenidən yazdığı qeyd edilib: “Böyük strateqlik və qətiyyətli liderliyin gücü ilə dövlətimizin iqtisadi - hərbi qüdrətinin, cəmiyyətimizdə yüksək vətənpərvərlik və milli birlik ruhunun vəhdəti Azərbaycana möhtəşəm qələbələr qazandırdı. 44 günlük Vətən müharibəsi və cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə torpaqlarımızın tamamilə işğaldan azad olunması, suverenliyimizin təmin edilməsi, düşmən tapdağından xilas edilmiş bütün ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması Azərbaycanı tarixdəki ən qüdrətli dövrünə yetirdi.”
Nazir vurğulayıb ki, Azərbaycanın müharibəsi haqqı, beynəlxalq hüququ və ədaləti öz gücü hesabına təmin edən ədalətli müharibə idi. Azərbaycan adını dünya tarixinə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkə kimi yazdırdı. Diplomatik cəbhədə nümayiş etdirilmiş prinsipiallıq hərb meydanında ləyaqətli savaşla davam etdirildi.
Çıxışda ölkə Prezidentinin 30-a yaxın nüfuzlu xarici KİV-ə saatlarla müsahibə verməklə informasiya müharibəsinin ön cəbhəsində Ali Baş Komandan kimi savaşdığı, Azərbaycanı əzəmətli Zəfər və İnkişaf yoluna çıxaran cənab İlham Əliyevin timsalında dünyanın XXI əsrin yeni lider nümunəsi, Müzəffər Sərkərdə ilə tanış olduğu qeyd edilib. Bildirilib ki, cənab Prezident Azərbaycanın suverenliyinin rəmzi olan bu zəfəri illər əvvəl dövlətimizin gələcək taleyini ona əminliklə etibar etmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə əsl liderə xas dəqiq zamanlama ilə ərməğan etdi.
Azərbaycanın postsovet məkanında separatizmə son qoyan ölkə olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən də danışıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur modern quruculuq modeli, “Yaşıl Enerji Zonası” Konsepsiyası əsasında bərpa edilir, XXI əsrin ağıllı şəhərləri, ağıllı kəndləri tikilir, Böyük Qayıdış uğurla həyata keçirilir.
Sonra Zəfər Günündən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Nicat Əliyev çıxış edərək hərbi əməliyyatlar zamanı vəzifə borcunu və döyüş tapşırıqlarını igidliklə yerinə yetirən əsgərlərimizin şücaəti ilə bağlı xatirələrini bölüşüb.
Sonda Vətən Müharibəsində iştirak etmiş əməkdaşlar Kamran Rzayev, Cavad Əhmədli, Nicat Əliyev və Sahil Babayev energetika naziri tərəfindən təşəkkürnamələrlə təltif edilib.