Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun 5-ci iclası keçirilib.
İclası giriş sözü ilə açaraq çıxış edən alt İşçi Qrupun rəhbəri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev cari dövr ərzində görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb. İşçi Qrupun ötən iclasının qərarları barədə məlumat verilib.
İclas zamanı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri və layihələndirmə zamanı “Yaşıl Enerji Zonası” Konsepsiyasından irəli gələn məsələlərə dair çıxışlar dinlənilib. Həmçinin alt İşçi Qrupun fəaliyyətindən irəli gələn cari məsələlər müzakirə edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, "Azərişıq" ASC, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətləri, Qarabağ Dirçəliş Fondunun nümayəndələri iştirak ediblər.