Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JICA) dəstəyi ilə “Yaşıl hidrogen – dekarbonizasiyaya aparan yol” adlı seminar keçirilib.
Yaşıl enerji layihələrinin inkişafına töhfə verə biləcək dövlət qurumları, tədqiqatçılar, investorlar və digər maraqlı tərəflərin bir araya gəldiyi tədbirdə Azərbaycan üçün enerji keçidi ssenariləri, daxili istifadə və ixrac üçün yaşıl hidrogen istehsalı potensialı, o cümlədən müvafiq sahədə investisiya mühiti kimi məsələlər müzakirə edilib.
Hibrid formatda təşkil olunmuş seminarda salamlama nitqi ilə çıxış edən AREA-nın direktoru Cavid Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ildə imzalanmış sərəncama əsasən təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevrilmək Azərbaycanda milli prioritet kimi qəbul edilib. Qeyd edilib ki, yaşıl enerji ilə bağlı siyasi iradə, böyük bərpa olunan enerji potensialı və etibarlı tərəfdaşlıq mühiti imkan verir ki, ölkəmiz bərpa olunan enerji, o cümlədən yaşıl hidrogenin təchizatçısına çevrilsin.
Tədbir AREA-nın direktoru Cavid Abdullayev və JICA-nın nümayəndəsi İşi Xozuminin çıxışlarından sonra 4 sessiya ilə davam edib.
“Hidrogen - təmiz enerji keçidini təmin edən element kimi” adlandırılan birinci sessiyada Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin və AREA-nın nümayəndələrinin çıxışları dinlənilib.
Yaşıl hidrogenin Azərbaycanda istehsalı və tətbiqi məsələlərinə həsr olunmuş ikinci sessiyada Azərbaycan Dövlət Neft Şirkəti, bp, Masdar, ACWA Power, Fortescue və Siemens Energy şirkətlərinin nümayəndələri çıxış ediblər. Çıxışlarda ölkəmizdə yaşıl enerji istiqamətində görülən işlər və planlaşdırılan layihələr, həmçinin yaşıl hidrogen istehsalına dair perspektivlər barədə danışılıb.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Ətraf Mühit Nazirliyi, Birgə Kreditləşmə üzrə Fond və “Mitsui & Co” şirkətinin nümayəndələri “Davamlı həllər: tədqiqatdan tətbiqetməyə” başlıqlı üçüncü sessiyada aşağı karbonlu layihələrin birgə kreditləşməsi mexanizmləri imkanları, maliyyə dəstəyi və digər məsələlər barədə məlumat veriblər. Eyni sessiyada AREA-nın nümayəndəsi ölkəmizin enerji icmalı, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun nümayəndəsi isə institutun dekarbonizasiya layihələri barədə iştirakçıları məlumatlandırıb.
İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Texniki Universitetinin nümayəndələrinin çıxış etdiyi sonuncu – “Yaşıl investisiya sxemləri: seçimlər və problemlər” adlı sessiyada Azərbaycanda bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində maliyyələşmə məsələləri müzakirə edilib.
Seminarda həmçinin Energetika Nazirliyi, nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Azərbaycan Neft Təsərrüfatı Jurnalı, ITOCHU, JGC, TEPSCO şirkətlərinin nümayəndələri də iştirak ediblər.