Energetika nazirinin müavini Samir Vəliyev Finlandiyanın xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini xanım Nina Vaskunlahti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Finlandiya arasında enerji sahəsində əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı regionda enerji təhlükəsizliyinin təmin edilməsi, enerji resurslarının şaxələndirilməsində Cənub Qaz Dəhlizinin mühüm rolundan bəhs edilib, bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanda reallaşdırılan enerji layihələri, bərpa olunan enerji mənbələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bu sahədə Finlandiya təcrübəsinin öyrənilməsinin mümkünlüyü, o cümlədən Finlandiya şirkətlərinin layihələrdə iştirakı üçün böyük potensialın olduğu qeyd edilib.
Görüşdə enerji əməkdaşlığının qarşılıqlı maraq doğuran bir sıra digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.