25 may tarixində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkilatçılığı ilə “EU4Energy” proqramının ikinci mərhələsi çərçivəsində “Ağıllı şəhər və ağıllı kənd konsepsiyasında bərpa olunan enerji mənbələrinin rolu” mövzusunda seminar keçirilib.
Seminar müasir yaşayış məntəqələrinin layihələndirilməsində “yaşıl enerji” mənbələrinin rolu, həmçinin bununla əlaqədar əlavə xidmətlərin növləri barədə müzakirələr aparmaq məqsədi ilə Avropa və Azərbaycanı təmsil edən ekspertləri bir araya gətirib. Bilik və təcrübə mübadiləsi üçün platforma rolu oynayan seminar, həmçinin iştirakçılara Avropa İttifaqının tələblərinə, ortaya çıxan əsas maneələrə və mövcud həll yollarına xüsusi diqqət yetirməklə, Avropada enerji icmalarının inkişafı ilə əlaqədar prosesləri və yenilikləri nəzərdən keçirməyə imkan yaradıb.
Tədbirdə bildirilib ki, ağıllı şəhərlər və kəndlər texnoloji baxımdan daha təkmil və dayanıqlı infrastrukturu təmin etməklə yaşayış məntəqələrində üzləşilən problemləri aradan qaldırmağa imkan verir. Belə müasir yaşayış məntəqələrinin resursları səmərəli və effektiv şəkildə idarə etmək üçün ağıllı texnologiyalardan istifadə edilməsinə şərait yaratdığı vurğulanıb.
Qeyd edək ki, “EU4Energy” proqramının Şərq Tərəfdaşlığı Ölkələrində Təmiz Enerjiyə Keçidin Təşviqi adlı ikinci mərhələsi 2024-cü ilin dekabr ayınadək davam edəcək və bu mərhələnin məqsədi energetika sahəsində qanunvericilik və tənzimləyici çərçivələrin hazırlanmasına töhfə vermək, regionda enerji bazarlarının liberallaşmasını və təmiz enerjiyə keçidi dəstəkləməkdir. “EU4Energy” təşəbbüsü Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, CEER, Beynəlxalq Enerji Agentliyi (IEA) və Enerji İcması Katibliyi (EnCS) tərəfindən birgə icra edilir.