Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev Polşanın Lodz şəhərində keçirilən ATƏT-in 30-cu İqtisadi və Ətraf Mühit Forumunun 2-ci hazırlıq iclasında “Enerji səmərəliliyi və bərpa olunan enerji sahələrində əməkdaşlıq vasitəsilə iqtisadiyyatın yaşıllaşdırılması” mövzusuna həsr edilən sessiyada təqdimatla çıxış edib.
Təqdimat zamanı Təbriz Əmmayev Azərbaycanın “yaşıl” iqtisadiyyat və enerji sahəsində həyata keçirdiyi siyasət, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji potensialı və “yaşıl” enerji zonasının konsepsiyasının hazırlanması istiqamətində həyata keçirilən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, “COVID-19 pandemiyasından davamlı iqtisadi bərpa vasitəsilə ATƏT məkanında təhlükəsizliyin və sabitliyin təşviqi” mövzusunda keçirilən iclas çərçivəsində ətraf mühitin mühafizəsi və “yaşıl” inkişafın dəstəklənməsi üçün təbii ehtiyatlardan davamlı istifadə, enerji səmərəliliyi və bərpa olunan enerji sahələrində əməkdaşlıq vasitəsilə iqtisadiyyatın yaşıllaşdırılması, ATƏT məkanında “yaşıl” inkişafı sürətləndirmək üçün rəqəmsal və texnoloji yeniliklər mövzuları üzrə müzakirələr aparılmışdır.