Bakı Enerji Həftəsi çərçivəsində regional əməkdaşlıq və yaşıl enerjiyə keçid platformasında mühüm addım olan "Mərkəzi Asiya üçün Enerji Keçidində İnvestisiya Forumu"nun Yüksək Səviyyəli Sessiyası keçirilib.
Ssesiyanın çərçivəsində BMT Baş katibinin müavini və ESCAP-ın İcraçı katibi Armida Salsiah Alisjahbana tədbir iştirakçılarına video-müraciət ünvanlayıb. Xanım Alisjahbana öz müraciətində regionda dayanıqlı gələcəyin qurulmasında APRECA təşəbbüsünün əhəmiyyətini vurğulayıb, həmçinin ESCAP-ın Azərbaycana "Davamlı İnkişaf Məqsədi (DİM) 7.0 üzrə Yol Xəritəsi"nin hazırlanmasında göstərdiyi dəstəyi xüsusi qeyd edib.
Daha sonra sessiyada çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizin "Davamlı İnkişaf Məqsədi (DİM) 7.0 üzrə Yol Xəritəsi" barədə ətraflı məlumat paylaşıb. İcrası bir ildən artıq müddətdə aparılan layihə çərçivəsində ərsəyə gələn bu sənəd Azərbaycan Respublikasının Energetika Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) sıx əməkdaşlığı ilə hazırlanıb. Sözügedən Yol Xəritəsində Azərbaycanın enerji sahəsindəki mövcud vəziyyəti təhlil edilir, gələcək imkan və çağırışlar müəyyənləşdirilir, eyni zamanda ölkənin daha dayanıqlı enerji sisteminə keçidini sürətləndirmək üçün prioritet addımlar göstərilir. Sənədin hazırlanması prosesində dövlət qurumları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər yaxından iştirak edib. Bu tərəfdaşlıq nəticəsində ölkənin enerji sektorunun inkişaf perspektivlərini əhatə edən geniş təhlil aparılıb və gələcək siyasət istiqamətləri müəyyənləşdirilib.
Forumun panel müzakirələri Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Sənaye İnkişafı Təşkilatı və regionda irimiqyaslı bərpa olunan enerji layihələri həyata keçirən "ACWA Power" şirkətinin iştirakı ilə davam edib. Müzakirələrdə investisiya risklərinin azaldılması, "yaşıl sənayeləşmə" və yerli dəyər zəncirlərinin yaradılması istiqamətində fəaliyyət planlarına dair müzakirələr aparılıb.


