2 iyun 2026-cı il tarixində Britaniya-Azərbaycan Ticarət Palatası (BCCA) Dayanıqlılıq və Enerji Komitəsi PwC Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerjiyə keçid mövzusuna həsr olunmuş tədbir keçirib. Tədbir dövlət qurumları, aparıcı enerji şirkətləri və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirərək Azərbaycanın bərpa olunan enerji sektorunda mövcud vəziyyət, inkişaf perspektivləri ətrafında müzakirələrə imkan yaradıb.
Müzakirəyə PwC Türkiyənin partnyoru və bərpa olunan enerji üzrə ekspert Engin Iyikul moderatorluq edib. O, həmçinin təqdimatla çıxış edərək bərpa olunan enerji mənbələri hesabına yaşıl iqtisadiyyata keçid, Türkiyənin bu istiqamətdə keçdiyi yol, eləcə də regional və qlobal bazarlardan əldə olunan əsas təcrübələri bölüşüb.
Ardınca Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Fəqan Abdurəhmanov çıxış edərək Azərbaycanda bərpa olunan enerjiyə keçid istiqamətində həyata keçirilən tədbirlər, ölkənin növbəti illər üzrə bərpa olunan enerji hədəflərinə nail olmaq yolunda əldə edilən nailiyyətlər və xarici investorlar üçün mövcud imkanlar barədə auditoriyanı ətraflı məlumatlandırıb.
Tədbir panel müzakirəsi ilə davam edib. Paneldə BOEMDA-nın direktor müavini Fəqan Abdurəhmanov, “SOCAR Green” şirkətinin İnvestisiya və Layihələrin İnkişafı üzrə direktoru Rza Nağıyev, Beynəlxalq Maliyyə Korporasiyasının baş investisiya mütəxəssisi Andriy Maksimoviç və “Masdar” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov çıxış edib.
Panel çərçivəsində Azərbaycanda bərpa olunan enerji bazarının inkişafını sürətləndirən əsas amillər, bu sahədə mövcud maneələr, tənzimləyici mühit, investisiya mühiti və beynəlxalq kapitalın cəlb olunması üçün tələb olunan şərtlər müzakirə edilib. Eyni zamanda, enerji keçidində dövlət və özəl sektorun rolu, eləcə də dayanıqlı və cəlbedici enerji bazarının qurulması üçün zəruri addımlar diqqət mərkəzində olub.
Müzakirələr zamanı Azərbaycanda enerji keçidinin sürətləndirilməsi üçün dövlət və özəl sektor arasında effektiv əməkdaşlıq, əlverişli tənzimləyici çərçivə, beynəlxalq tərəfdaşlarla davamlı dialoq və maliyyə institutlarının fəal iştirakının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Britaniya-Azərbaycan Ticarət Palatası Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin, biznes münasibətlərinin və qarşılıqlı investisiyaların inkişafını təşviq edən qeyri-kommersiya təşkilatıdır. BCCA-nın Dayanıqlılıq və Enerji Komitəsi dayanıqlı biznes təcrübələrinin və enerji keçidi təşəbbüslərinin inkişafına dəstək verir.
PwC audit, konsaltinq, vergi və hüquq xidmətləri göstərən qlobal peşəkar xidmətlər şəbəkəsidir. PwC-nin Dayanıqlılıq və Enerji praktikası enerji keçidi, tənzimləyici dəyişikliklər və dayanıqlı investisiyalar sahəsində region üzrə müştərilərini dəstəkləyir.





