Energetika Nazirliyində “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq “Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi təminatı və ölkəmizin iqtisadi müstəqilliyinin əsas bünövrəsi Əsrin müqaviləsidir” mövzusunda tədbir keçirilib.
Energetika nazirinin müavini Kamal Abbasov cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi qələbə ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpasını Konstitusiyamızın bütün ərazilərdə hüquqi qüvvəsinin təsbit olunması və xalqımızın iradəsinin parlaq təntənəsi kimi dəyərləndirib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətin ali qanununa və müstəqilliyimiz uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinə verilən yüksək dəyərin ifadəsi olduğu vurğulanıb.
Çıxışlarda Konstitusiyanın əsaslarına və onun hüquqi dövlət quruculuğundakı roluna toxunularaq, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətindəki əhəmiyyətinə diqqət çəkilib. Qeyd olunub ki, Əsas Qanun Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş və müstəqil dövlətimizin siyasi-hüquqi təməlini formalaşdırmışdır. Tədbirdə, həmçinin 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın iqtisadi müstəqilliyinin təminindəki rolundan bəhs edilib. Bildirilib ki, Saziş bu gün də Azərbaycanın siyasi, iqtisadi və strateji nailiyyətlərinin təməlində dayanaraq ölkəmizin inkişafına töhfələr verir.






