Bakı Enerji Həftəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji səmərəliliyinin təkmilləşdirilməsində kiçik güclü bərpa olunan enerji layihələrinin aparıcı rolu” adlı yan tədbir keçirilib.
Tədbirin açılış nitqində energetika nazirinin müavini Elnur Soltanov kiçik həcmli bərpa olunan enerji layihələrinin enerji səmərələliyinin artırılmasına təsiri, şəbəkəyə inteqrasiyası ilə əlaqədar çətinliklərin və onların həll olunması istiqamətinə yönləndirilmiş tədbirlər barəsində ətraflı məlumat verib.
Tədbir zamanı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiqlənmiş, investisiya təşviqi sənədi haqqında ətraflı məlumat verilib.
Daha sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci Prioriteti olan “təmiz ətraf mühit” və “yaşıl artım” sahəsində qarşıya qoyulan tapşırıqlar və həyata keçirilən işlər, qanunvericilik sahəsində qəbul edilən normativ sənədlər, həmçinin tədbirin əsas müzakirə mövzuları olan kiçik güclərin şəbəkəyə inteqrasiyası və aktiv istehlakçıların dəstəklənməsi, elektromobillik və geotermal enerji sahəsində görülən işlər haqqında məlumat verib. Daha sonra Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) yüksək səviyyəli nümayəndələri açılış nitqi ilə çıxış edib.
Tədbirin ilk sessiyası damüstü günəş panellərinin şəbəkəyə inteqrasiyası mövzusunda olub və bu sessiyada Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Asiya İnkişaf Bankı və “Azərişıq” ASC-nin nümayəndələri tərəfindən təqdimatla çıxışlar dinlənilib. Yaşıl Enerji Zonalarının yaradılması istiqamətində ölkəmizdə aparılan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda vətəndaşlar tərəfindən istehsal olunan yaşıl enerjinin şəbəkəyə ötürülməsi və onlara aktiv istehlakçı statusunun verilməsi barədə aidiyyəti qurum görülmüş işlər barədə məlumatlar təqdim edilib.
Tədbirin ikinci sessiyası zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova tərəfindən “Elektromobillik üzrə Milli Plan” sənədi haqqında danışılıb, bu xüsusda elektromobillikdən istifadənin genişləndirilməsi məqsədilə nəzərdə tutulan təşviq mexanizmləri, təhlükəsizlik standartları, elektrikdoldurma infrastrukturunun yaradılması və hüquqi bazasının formalaşdırılması istiqamətində görüləcək işlər barəsində geniş məlumat verilib. Sessiya çərçivəsində Milli Planın hazırlanmasında iştirak etmiş “Volts Energy” və əlavə olaraq bu istiqamətində işlərin təşkilində iştirak edən “Azərişıq” ASC-nin nümayəndəsi tərəfindən çıxış edilib. 3-cü sessiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR Green və Dünya Bankının dəstəyi ilə cəlb edilmiş JRG Energy məsləhətçi şirkətin iştirakı ilə geotermal enerjidən istifadə istiqamətində aparılmış ilkin qiymətləndirmə və əldə olunan nəticələrə dair təqdimatlar dinlənilib. Həmçinin sessiya zamanı məsləhətçi şirkət tərəfindən hazırlamış “Azərbaycanda geotermal enerjidən birbaşa istifadə imkanlarının genişləndirilməsinə dair Yol Xəritəsi” sənədinin təqdimatı baş tutub.