Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov 5 fevral tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən “Bərpa olunan enerji mənbələrinin inkişaf etdirliməsi və potensialın gücləndirilməsi” tədbirində məruzəçi qismində iştirak edib.
Tədbir çərçivəsində Fuad Həsənov tərəfindən ölkəmizin bərpa olunan enerji potensialı, həyata keçirilən layihələr, müvafiq sahədə mövcud qanunvercilik, iqlim dəyişmələri ilə mübarizə sahəsində götürülmüş öhdəliklər haqqında məlumat verilib. Dəyirmi masa formatında təşkil edilən tədbirdə ölkəmizdə bərpa olunan enerjinin inkişafında tətbiq edilən təşviqedici mexanizmlər, kiçik və orta biznesin bu sahədə iştirakçılığının artırılması, bazar imkanları və əməkdaşlıq, həmçinin bərpa olunan enerji sahəsində bacarıqların artırılması və təhsil mövzusunda müzakirələr aparılıb.