Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova cari ilin 4 dekabr tarixində Taylandın Banqkok şəhərində keçirilən Dayanıqlı İnkişaf üçün Enerji üzrə XIII Beynəlxalq Forumunun “Davamlı Enerji Keçidinə nail olunmasında DİM7 Yol Xəritələrinin rolu” mövzusunda baş tutan panel müzakirəsində iştirak edib.
Sözügedən tədbirin keçirilməsində məqsəd, BMT-nin Beş Regional İqtisadi Komissiyasının — Afrika İqtisadi Komissiyası (ECA), Avropa İqtisadi Komissiyası (ECE), Latın Amerikası və Karib Dənizi İqtisadi Komissiyası (ECLAC), Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya (ESCAP), və Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyası (ESCWA) — üzv dövlətləri arasında bərpa olunan enerji keçidi və enerji səmərəliliyi sahəsində əldə olunan ən yaxşı təcrübələrin paylaşılması və qlobal enerji məqsədlərinə nail olmaq üçün tədbirlərin təşviq edilməsidir. Həmçinin, tədbir, inkişaf etməkdə olan ölkələr üçün təmiz enerji layihələrinə investisiya qoyuluşunun artırılması, enerji keçidi və sosial ədalət prinsiplərinə uyğun həllərin dəstəklənməsi baxımından önəm kəsb edir.
Sessiya zamanı Rəna Hümbətova tərəfindən dördüncü Milli Məlumatlar sənədi və İkillik Yenilənmiş Hesabatın hazırlanması üçün “Aşağı Emissiya Təhlili Platforması” (LEAP) modelləşdirmə alətindən istifadə haqqında məlumat verilib.
İqtisadiyyatın müxtəlif sahələrində enerji tələbatının proqnozlaşdırılması üçün yüksək keyfiyyətli məlumat bazasına ehtiyac olması qeyd edilib. Eyni zamanda, ölkə daxilində enerji tələbatının modelləşdirilməsi, o cümlədən elektrikləşdirmə, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin inkişaf etdirilməsi, rəqəmsallaşmanın enerji sisteminə təsiri və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilməkdə olan tədbirlərin icra vəziyyəti barədə sessiya iştirakçılırı məlumatlandırılıb.