COP29 çərçivəsində cari ilin 15 noyabr tarixində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşkilatçılığı ilə “BƏƏ Konsesusunun nəticələrinin 3-cü Milli Töhfələr Sənədinə (NDC) inteqrasiya edilməsi” mövzusunda keçirilən yüksək səviyyəli panel müzakirəsində BOEMDA-nın direktor müavini Rəna Hümbətova iştirak etmişdir.
Tədbirin açılış nitqində IRENA-nın icraçı direktoru ölkələr tərəfindən 2025-ci ilə qədər UNFCCC katibliyinə təqdim olunması planlaşdırılan NDC sənədlərində bərpa olunan enerji qoyuluş gücünün 3 qat, enerji səmərəliliyinin 2 qat artırılması hədəflərinin inteqrasiya edilməsinin vacibliyini vurğulamışdır.
BOEMDA-nın direktor müavini Rəna Hümbətova ölkəmiz tərəfindən təqdim olunmuş 1 və 2-ci NDC sənədlərində bərpa olunan enerji hədəfləri, eyni zamanda bu hədəflərə nail olunması üçün həyata keçirilən və uzunmüddətli perspektivdə icra edilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat vermişdir. Həmçinin 3-cü NDC sənədinin hazırlanmasında Energetika Nazirliyinin rolu və enerji sektoru üzrə daha ambisiyalı hədəflərin müəyyənləşdirilməsinə dair aparılmış araşdırmalar barədə məlumatlar verilmişdir.