AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

COP29 çərçivəsində Enerji Günündə Energetika Nazirliyinin iştirakı ilə 15 tədbir keçirilib

Noyabrın 15-də COP29 konfransı çərçivəsində Enerji Günündə Energetika Nazirliyinin təmsil olunduğu 15 tədbir keçirilib. Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu, COP29-un enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü və İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin təqdimatında energetika naziri Pərviz Şahbazov çıxış edib.

Nazir müavini Kamal Abbasov SOCAR tərəfindən təşkil olunmuş “Neft və qaz sənayesinin karbonsuzlaşdırılması”, “SOCAR-ın dekarbonizasiya prosesi: Çağırışlar və nailiyyətlər” mövzusunda tədbirlərdə, SOCAR, Beynəlxalq Metan Emissiyaları Müşahidə Təşkilatının və Avropa Komissiyasının birgə təşkil etdiyi “Neft Qaz Metan Tərəfdaşlığı 2.0: Yüksək Səviyyəli Dəyirmi Masa”da iştirak edib. Nazir müavini "Dayanıqlı inkişaf üçün təbii qazdan istifadə" adlı Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Nazirlər görüşündə isə çıxış edərək, təbii qazın dayanıqlı inkişafda, enerji təhlükəsizliyinin təmin edilməsində və ədalətli enerji keçidinin həyata keçirilməsində mühüm rolunu qeyd edib. Tədbirdə enerji təhlükəsizliyi, əlçatanlıq və ətraf mühitin qorunması kimi sahələrdə müxtəlif ölkələrin və təşkilatların nümayəndələrinin çıxışları dinlənilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) pavilyonunda “Qlobal İqlim Fəaliyyətini Etibarlı Bərpa Olunan Enerji Vasitəsilə Sürətləndirmək” mövzusunda təşkil edilən tədbirdə energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, Azərbaycannın dayanıqlı enerji təchizatının təmin olunması sahəsində qlobal səyləri dəstəklədiyini və bərpa olunan enerji mənbələrinin gücləndirilməsinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Nazir müavini, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xarici ölkələrin hüquq mühafizə orqanlarının, beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının rəhbər vəzifəli şəxslərinin, aparıcı ali təhsil ocaqları və özəl sektorun nümayəndələrinin iştirakı ilə təşkil edilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirdə də iştirak edib.

“Bərpa olunan enerji üfüqləri: Daha yaşıl gələcəyə aparan yollar” və İRENA-nın həmtəşkilatçısı olduğu “UNEZA çərçivəsində kommunal xidmətlər üzrə baş icraçı direktorların görüşü” tədbirlərində energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək Azərbaycanın bərpa olunan enerji sahəsindəki strateji hədəfləri haqqında danışıb. Ölkəmizdə enerji sektorunun ekoloji davamlılıq və iqlim dəyişikliyinə qarşı mübarizə prinsipləri əsasında inkişaf etdirildiyi, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın Azərbaycanın yaşıl enerji keçidini sürətləndirməkdə mühüm rol oynadığı bildirilib.

Energetika nazirinin müavini, COP 29-un baş icraçı direktoru Elnur Soltanov SOCAR və Atlantik Şurasının Qlobal Enerji Mərkəzi tərəfindən təşkil edilən “Enerji keçid məqsədlərinə nail olmaq üçün infrastrukturun qurulması” mövzusunda tədbirdə çıxış edərək dayanıqlı və şaxələndirilmiş enerji infrastrukturlarının qurulmasının Azərbaycan üçün strateji əhəmiyyətini vurğulayıb və bildirib ki, bu enerji keçidinin sürətləndirilməsi, karbon emissiyalarını azaltmaq və ekoloji təhlükəsizliyi təmin etmək istiqamətində mühüm addımlardan biridir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Growth Lab tərəfindən təşkil olunmuş tədbirdə Yaşıl İnkişaf Portalının təqdimatı mərasimində  Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov iştirak ediblər.

“Şəbəkələri və qitələri birləşdirmək: MENA-Avropa Böyük Dəniz İnterkonnektoru nümunəsi” adlı tədbirdə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın Mərkəzi Asiyadan Avropaya qədər uzanan yaşıl enerji dəhlizləri yaratmaq istiqamətində həyata keçirdiyi təşəbbüslərdən danışıb. Direktor, həmçinin Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Yol Xəritəsinin təqdimatı mərasimində də iştirak edib.

Göstərilən platformalarda paylaş: