AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Azərbaycanda İƏT regionu üçün Təmiz Enerji Mərkəzi yaradılıb

COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birlikdə İƏT regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) yaradılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün COP29 çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin təsis edilməsinə şahidlik edirik. Bu, yalnız Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət kəsb edən bir təşəbbüsdür. Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın və İƏT ölkələrinin enerji sahəsindəki liderlik səylərini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri kimi regional enerji şəbəkələrinin inteqrasiyasını təşviq edərək biz İƏT-in enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu gücləndiririk, sıfır emissiya məqsədlərinə çatmaq üçün vahid bir strateji platforma yaradırıq”.

İƏT baş katibi cənab Əsəd Məcid Xan isə son dövrdə davamlı enerji keçidinin təşkilatın ümumi enerji gündəminə daxil edilməsindən bəhs edərək, UNIDO ilə birgə Bakı şəhərində Təmiz Enerji Mərkəzinin yaradılmasını bu transformasiya prosesinə təkan verən uğurlu nümunələrdən biri kimi vurğulayıb. Baş katib, davamlı enerji gündəminin irəliləyişinin təmin edilməsi və İƏT Təmiz Enerji Mərkəzi üçün resursların cəlb edilməsi istiqamətində davamlı regional dialoqa çağırış edib.

UNIDO baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı İdarəsinin rəhbəri Ciyong Zou İƏT-ə üzv ölkələrin iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi təcili problemləri həll etmək istiqamətində davamlı öhdəliyini vurğulayıb. O, qeyd edib ki, “CECECO regionda təmiz enerjiyə keçidi sürətləndirərək, innovasiya, əməkdaşlıq və potensialın artırılması mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəz, enerji həlləri sahəsində cənub-cənub və üçtərəfli əməkdaşlığa öncülük edərək, inkişaf, enerji təhlükəsizliyi və iqlimə davamlılığın inteqrasiyasını təmin edəcək".

Tədbirdə İƏT üzv dövlətlərinin nazirləri, OFID, Əbu Dabi Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avrasiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları da təmsil olunub.

Göstərilən platformalarda paylaş: