COP29 konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.
Tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın yaşıl enerji keçidi istiqamətində atdığı addımlardan, yaşıl hidrogen istehsalı və ixracı planlarından danışıb. Yaşıl hidrogenin hazırda qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün zəruriliyi qeyd edilib. COP29 sədrliyinin enerji sahəsində üç təşəbbüsündən birinin hidrogen bəyannaməsi olduğu vurğulanıb. Bu təşəbbüsün ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərini artırmalarına və regional bazarların inkişafına dəstək olmalarına hesablandığı, Azərbaycanın da Hidrogen üzrə Milli Strateji Baxış sənədinin bu məqsədlə hazırlandığı bildirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı zamanı qeyd edib ki, hazırda balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı ssenarilər nəzərdən keçirilir. Hər ssenari üzrə yaşıl hidrogendən ölkə daxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələb olunan bərpa olunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.
Vurğulanıb ki, 2050-ci ilə qədər yaşıl hidrogenin istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 QVt və 18 QVt həcmində bərpa olunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 QVt həcmində bərpa olunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 QVt-a qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.
Növbəti mərhələdə Strateji Baxış sənədinin tətbiqi planının hazırlanması nəzərdə tutulur.
Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir.
Qeyd edək ki, sözügedən Strateji sənədin hazırlanması məqsədilə Energetika Nazirliyinin sədrliyi ilə əsas maraqlı tərəflərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlardan ibarət İşçi qrupu fəaliyyət göstərir.