İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə görüşdə Azərbaycanın Agentliklə müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığından bəhs edilib. Azərbaycanın bərpa olunan enerji ilə bağlı regional və beynəlxalq miqyaslı layihələrindən, enerji təchizatının şaxələndirilməsindən danışılıb. Ölkəmizin “yaşıl enerji keçidi” planları kontekstində enerji planlaşdırması sahəsində Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanda nüvə enerjisindən istifadə imkanlarının araşdırılması üçün əməkdaşlığa Agentliyin dəstəyi ifadə olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri üzrə fikir mübadiləsi aparılıb.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşdə isə iki ölkənin enerji əməkdaşlığının aktual məsələləri, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” və COP çərçivəsində keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb. COP zamanı imzalanması planlaşdırılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, üç ölkənin enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən Bakıda Birgə Müəssisənin yaradılması, milli enerji şirkətlərinin Birgə Müəssisədə iştirak paylarının müəyyənləşdirilməsi və layihənin texniki-iqtisadi əsaslandırmasından irəli gələn məsələlər nəzərdən keçirilib. Həmçinin Qazaxıstanın nüvə enerjisi sahəsində fəaliyyətinə və bu xüsusda təcrübə mübadiləsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi edilib.