Oktyabrın 10-da “Yaşıl dünya naminə Səhiyyə İşçiləri Həmkarlar İttifaqının strategiyası” mövzusunda konfrans keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) təşkilatçılığı ilə baş tutan tədbirdə hökumət nümayəndələri, AHİK-ə üzv təşkilatların rəhbərləri və əməkdaşları, iqlim siyasəti üzrə ekspertlər, ekofəallar və səhiyyə işçiləri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb.
Sonra konfrans “Təmiz ətraf mühit və “Yaşıl artım siyasəti”, “İqlim dəyişmələrinin insan sağlamlığına təsiri, vahid sağlamlıq çərçivəsində epidemioloji analiz”, “İqlim dəyişmələrinin qidaya təsiri və onun insan sağlamlığında rolu”, “Təbii və antropogen amillərin təsirlərinin aradan qaldırılması üçün profilaktik tədbirlər və ictimai maarifləndirilmə işləri” və “İqlim dəyişmələri və psixi sağlamlıq” mövzusunda panel sessiyalarla davam edib.
Konfransda iştirak edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rəvan Əzizov panel hissəsində “Bərpa olunan enerji və insan sağlamlığı” mövzusunda çıxış edib.
Rəvan Əzizov çıxışı zamanı ənənəvi enerji mənbələrinin insan sağlamlığına təsiri, bərpa olunan enerji mənbələri və onların səhiyyə sahəsində tətbiqi, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri bağlı məlumat verib.
Sonda konfransın panel hisssəsində qeyd olunan mövzularla bağlı maraq doğuran suallar cavablandırılıb.