Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü gününün “Neft və Qaz sektoru üçün ədalətli keçid çağırışının qarşılanması” adlı panel sessiyasında iştirak edib.
BOEMDA-nın direktor müavini çıxışında bildirib ki, Azərbaycanda dekarbonizasiya tədbirləri çərçivəsində ilk Aşağı Karbonlu Hidrogen üzrə Strateji Baxış sənədi hazırlanması üzrə işlər gedir.
Cəbrayıl rayonunda BP şirkəti tərəfindən tikiləcək 240 MVt gücündə Şəfəq günəş elektrik stansiyasında istehsal olunacaq yaşıl enerji Səngəçal terminalının karbon emisiyaları azaldılmasına yönəldilməsi planlaşdırılır. Bu isə neft-qaz sektorunun karbonsuzlaşdıırlmasına və enerji keçidinə öz töhfəsini verəcək.
Müzakirələr zamanı Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, dünyada 12 milyon insan birbaşa neft-qaz sektorunda çalışması ilə bağlı sessiya iştirakçılarına məlumat verildi, eyni zamanda dekarbonizasiya və enerji keçidi yolunda bu əməkdaşların yenidən ixtisas artırmaya cəlb olunması, həmçinin neft-qaz sənayesinin onlara belə imkanlar təqdim edə bilməsi, o cümlədən geotermal enerji, karbonun tutulması, saxlanması və istifadəsi üzrə yeni ixtisasların açılması məqsədəuyğun hesab edilməsi vurğulandı.