AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Braziliyada IEA və IRENA ilə COP29-un enerji gündəliyi müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Braziliyada G20 tədbirləri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla görüşdə enerji bazarlarında vəziyyət və perspektivlər, həmçinin COP29 çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub. “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd”in yerinə yetirilməsində Azərbaycanın təşəbbüskarı olduğu “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”nin vacib rolundan danışılıb. Bildirilib ki, “yaşıl enerji zonası və dəhliz”lər də daxil olmaqla iki öhdəlik Azərbaycanın bu sahədə təcrübəsindən irəli gəlir.

15 noyabr tarixində “Enerji Günü”ndə keçiriləcək COP29 Fəaliyyət Gündəliyinin enerji təşəbbüslərinin elanına həsr olunmuş nazirlər səviyyəsində dəyirmi masa, bərpa olunan mənbələrin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi,  neft və qaz sənayesinin sürətlə  karbonsuzlaşdırılması,

enerji keçidinə nail olmaq üçün infrastrukturun qurulması, elektrik sistemlərində ötürmə gücünün üçqat artırılması kimi ümumilikdə 7 tədbirdə Agentliyin iştirakı və bu çərçivədə əməkdaşlıq nəzərdən keçirilib. Energetika naziri və Agentliyin icracı direktorunun həmsədrliyi ilə keçiriləcək “Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq”la bağlı fikir mübadiləsi aparılıb. Həmçinin “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin təqdimatına həsr olunmuş tədbirin  COP zamanı keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşdə də əsas diqqət COP29 zamanı Agentliklə birgə təşkil olunan tədbirlərə yönəldilib. Bu xüsusda, Azərbaycanın ev sahibliyi ilə Pre-COP29 zamanı keçiriləcək “BƏƏ Konsensusunun Enerji Nəticələrinin İzlənməsi – Hesabatın Başlanması” tədbiri və Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiya Forumunun təşkili məsələləri müzakirə edilib. Həmçinin IRENA-nın iştirakı ilə planlaşdırılan digər tədbirlər və aktual məsələlər nəzərdən keçirilib.

Göstərilən platformalarda paylaş: