AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb və bu sahədə qarşıya qoyulan strateji hədəflərə diqqət çəkib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində görülmüş işlərlə bağlı məruzələr, həmçinin İşçi Qrupun 6-cı iclasında qəbul edilmiş qərarların ötən dövr ərzində icrasına dair hesabat təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat dinlənilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayış binalarında istilik təchizatı, fərdi və ya mərkəzi istilik sistemlərinin tətbiqinə dair yanaşmalar barədə məlumatlar diqqətə çatdırılıb.

Bərpa edilən şəhər, rayon, qəsəbə və kəndlərdə damüstü günəş panellərinin tətbiqi, sayğaclaşma və elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üzrə təkliflər nəzərdən keçirilib.

Sonda müzakirə olunmuş məsələlər üzrə hesabatların nəzərə alınması, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər zamanı qarşıya çıxan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, monitorinqlərin icra qrafikinə uyğun olaraq və aidiyyəti qurumların nümayəndələrinin də istirakı ilə həyata keçirilməsi razılaşdırılıb.

İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak edib.

Göstərilən platformalarda paylaş: