Energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxış edib. Nazir dövlət başçılarının ölkələrimizin zəngin təbii resurslarını, enerji-nəqliyyat dəhlizlərini və böyük potensialını Mərkəzi Asiyadan Avropayadək böyük coğrafi məkanda qarşılıqlı faydalı əməkdaşlığa, qardaşlıq ruhunu qorumaqla böyük uğurlara imza atmağı hədəfləyən aydın strateji baxışları və qətiyyətli siyasətlərinin TDT-nin statusunu möhkəmləndirdiyini qeyd edib. Bu xüsusda, TDT-nin Şuşada qeyri-rəsmi sammitində qəbul olunan Qarabağ Bəyannaməsinin əhəmiyyətindən bəhs olunub. Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” çağırışı və Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarının vahid geosiyasi regiona çevrilməsi istiqamətində səyləri yeni tarixi mərhələdə türk dövlətləri ilə münasibətlərimizin xarakterini əks etdirir. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 9 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 18,2 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyduğu bildirilib.
Enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzrum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.
“Türk dövlətləri ilə enerji əməkdaşlığımız nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda regional əhəmiyyətli yeni layihə və təşəbbüslərin reallaşmasına impulslar verir. Bu kontekstdə, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təchizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcəkdir. Ölkələrimizin zəngin enerji potensialını və elektrik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhlizlər vahid “yaşıl enerji platforması” olmağa iddialıdır”- deyə nazir əlavə edib. “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in yaxın vaxtlarda imzalanmasının planlaşdırıldığı, Qırğızıstanla bərpa olunan enerji sahəsində əməkdaşlığın da gündəmdə olduğu diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri üçün Enerji Keçidi İnvestisiya Forumunun keçirilməsi yaşıl enerji məqsədləri naminə həmrəylimiz üçün daha bir fürsət olacaq.
Müzakirələrdən sonra iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb. Kommünikedə TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin və yaşıl enerji dəhlizlərinin yaradılmasına dəstək ifadə olunub. Həmçinin sənəddə türk dövlətlərinin 15 noyabrda Bakıda keçiriləcək COP29 Enerji Günündə fəal iştiraka hazır olduqları əksini tapıb.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.