Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, Birgə Müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb. Regional səviyyəli yaşıl enerji layihəsinin Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrini, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolundan bəhs edilib.
Görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə də toxunulub. Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.