Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının ikinci iclası keçirilib.
Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov ölkəmizdə keçirilən ilk bərpa olunan enerji hərracının prosesi barədə ümumi məlumat verdi və hərracın ilk mərhələsinin icra qrafikinə uyğun olaraq irəlilədiyini, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsinin gedişatı, həmçinin nəticələri ilə bağlı komissiya üzvlərini və iclas iştirakçılarını məlumatlandırdı.
Daha sonra çıxış edən AYİB-in və “Synergy” şirkətinin nümayəndələri hərrac prosesinin icra qrafikini bir daha komissiya üzvlərinin diqqətinə çatdıraraq, müraciət etmiş şirkətlər, onların təqdim etdiyi məlumatların ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədində nəzərdə tutulan meyarlar ilə uyğunluğu barədə məlumat verdilər.
Çıxışlardan sonra komissiya üzvləri hərrac iştirakçıları tərəfindən təqdim edilmiş sənədləri və məlumatlara dair təqdimatda qeyd edilənləri müzakirə etdilər.
İclasın sonunda komissiya üzvləri şirkətlər tərəfindən təqdim edilən sənədlərin, eyni zamanda məlumatların qiymətləndirilməsini apardı və təkliflər sorğusu mərhələsində iştirak edəcək hərrac iştirakçılarını müəyyənləşdirdi.