Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Nazirlik və IFC arasında dənizdə külək enerjisindən istifadə də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Azərbaycanda yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində IFC və Dünya Bankı Qrupu ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpa olunan enerji ixracı planları haqqında danışıb. Ölkəmizin yaşıl inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib.
IFC-nin vitse-prezidenti Azərbaycanın COP29 beynəlxalq konfransına ev sahibliyi ilə əlaqədar təbriklərini çatdırıb. Ölkəmizin unikal yaşıl enerji potensialına, bu sahədə iddialı hədəflərinə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək təşkilatın layihələrin həyata keçirilməsində texniki dəstək göstərməyə hazır olduğunu bir daha vurğulayıb.
Söhbət zamanı yaşıl enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, yaşıl hidrogen, elektromobillik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.