BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP 28 çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyələrdə mühüm töhfələrin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını və Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını qeyd edib. Bildirilib ki, 2030-cu ilədək dövrdə “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bərpa olunan enerjinin xarici investisiya hesabına inkişafını, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti “yaşıl sərmayə” axınını da təşviq edir: “Oktyabrda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasını “Masdar” şirkəti ilə istifadəyə verdik. 2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. Həmçinin 2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq”, deyə nazir əlavə edib.
Nazir, həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib. Şirkətlər üçün külək turbinləri, günəş panellərinin yerli istehsalının qurulması, enerji saxlama sistemlərinin yaradılması, həmçinin enerjinin səmərəli paylanması üçün qabaqcıl şəbəkə texnologiyalarından istifadə etməklə şəbəkənin gücləndirilməsi, “yaşıl hidrogen”in istehsalı, saxlanması və nəqli, eləcə də karbon emissiyalarının tutulması və saxlanması, elektrik doldurma infrastrukturu sahələrində əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tədbir “Enerji keçidi və xalis sıfır: Perspektivlər”, “Azərbaycanda bərpa olunan enerjinin inkişaf imkanları”, "Neft-qaz sənayesinin xalis sıfır gələcəyi üçün təmiz enerjiyə əsaslanan biznes modellər", “Yaşıl enerji sahəsinə MASDAR-ın yanaşması”, “Davamlı şəbəkə üçün külək enerjisi və enerjini saxlama həlləri”, “Enerji keçidi və dekarbonizasiya” mövzularında IRENA, SOCAR, “WindEurope”, “Masdar”, bp, “ACWA Power”, “Nobel Energy” nümayəndələrinin çıxışları ilə davam edib.
Qeyd edək ki, Azərbaycan pavilyonunda baş tutan tədbirdə 17 enerji şirkəti və təşkilat təmsil olunub.