Energetika Nazirliyində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Antikorrupsiya qanunverciliyi və onun praktikada tətbiqi” mövzusunda onlayn təlim keçirilib.
Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin Sərəncamına əsasən, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə təşkil olunub.
Təlimdə korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin əhəmiyyətindən bəhs edilib. Təlimçi, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyətə dair təqdimat nümayiş olunub. Korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə ətraflı məlumat verilib, korrupsiya hüquqpozmalarının subyektləri, hüquqpozmalar barədə müraciətlərə baxılması, bu barədə məlumat verən şəxslər, maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi və s. məsələlərə dair məlumatlar diqqətə çatdırılıb.
Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləməsi Agentliyinin 24 nəfər əməkdaşının iştirak etdiyi vebinarda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.