Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd AREA-nın direktoru Cavid Abdullayev və Azərkosmos-un İdarə Heyətinin sədri Saməddin Əsədov tərəfindən imzalanıb. Memorandum peyk vasitəsilə Yerin məsafədən müşahidəsi və peyk rabitəsi xidmətlərinin bərpa olunan enerji sahəsində tətbiq imkanlarının genişləndirilməsi məqsədilə imzalanıb.
AREA və Azərkosmos Coğrafi İnformasiya Sistemləri və peyk məlumatlarından istifadə etməklə ölkə ərazisində bərpa olunan enerji mənbələri potensialının qiymətləndirilməsi və uyğun ərazilərin müəyyənləşdirilməsi, ucqar ərazilərdə yerləşən bərpa olunan enerji avadanlıqlarının peyk interneti ilə təmin edilməsi, geotermal enerji mənbələri potensialından səmərəli istifadə, resursların müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin potensial ərazilərin xəritələrinin tərtib olunmasında peyk təsvirlərindən istifadə edilməsi və digər sahələrdə əməkdaşlıq edəcək. Bundan əlavə, hər iki agentliyin mütəxəssislərinin peyk şəkillərinin emalı və bərpa olunan enerjinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlarının mübadiləsi üçün təlim proqramının hazırlanması nəzərdə tutulur.