Energetika naziri Pərviz Şahbazov “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə “Abşeron” yatağının yüksək hasilat göstəriciləri ilə istismara verilməsi və “Total Energies” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində “Abşeron”un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu vurğulanıb. Layihənin növbəti mərhələsi “Faza - 1” üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib. Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.