Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planında “Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” və işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması tapşırığının icrası üçün geotermal enerji sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və geotermal enerjidən istifadə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi məqsədilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) idarəçiliyi ilə fəaliyyət göstərən Qlobal Geotermal Alyansa (Global Geotermal Alliance) üzvlük üçün müraciət edilib və Azərbaycan Alyansın üzvü seçilib.
Alyans 2015-ci ilin dekabrında Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 21-ci Konfransında (COP21) fəaliyyətə başlamış və geotermal enerjidən istifadənin genişləndirilməsi üzrə sahibkarlar, hökumət orqanları, investorlar və digər maraqlı tərəflər üçün platforma rolunu oynayır. Təşkilat geotermal enerjidən elektrik enerjisinin istehsalı və birbaşa istifadənin artırılması sahəsində fəaliyyət göstərir.
Qlobal Geotermal Alyansı 55 üzv ölkə və 59 tərəfdaş qurumdan ibarət təşkilatdır.