Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Gürcüstanın Kutaisi şəhərində “Qafqaz Dağları Regionlarının Elmi Şəbəkəsi” tərəfindən keçirilən Qafqaz Dağ Forumunda iştirak edib.
Forumda regionda dağlıq ərazilərdə turizmin inkişafı ilə əlaqədar iqlim dəyişikliyi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. “Ətraf mühitin qorunması və iqlim dəyişikliyinə cavab tədbirləri: məsuliyyətli turizm inkişafı üçün əsas problemlər və təcrübələrin mübadiləsi” mövzusundakı plenar sessiyada Azərbaycanın bərpa olunan enerji sahəsinin potensialı və inkişafı, dağlıq regionların yaşıl enerji ilə təmin edilməsi istiqamətində görülən işlər və bərpa olunan enerji texnologiyasının tətbiqi imkanları barədə danışılıb. AREA-nın şöbə müdiri həmçinin forum çərçivəsində Akaki Tseretei Dövlət Universitetində Cənubi Qafqazda Regional Adaptasiya Dialoqu mövzusunda keçirilən regional görüşdə iştirak edib.