“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
İclası açan komissiyanın sədri energetika naziri Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı Komissiyanın qarşısına qoyulan mühüm vəzifələrdən bəhs edib.
Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş nəticələr barədə hesabatı dinlənilib, bərpa olunan enerji mənbələri ərazilərinin müəyyənləşdirilməsi, müvafiq torpaq sahələrinin ayrılması, seçilmiş günəş və külək potensiallı ərazilərlə bağlı aparılan təhlillər, “Qaradağ” GES-in tikintisi ilə bağlı torpaq icarə müqavilələrinin imzalanması, dənizdə külək enerjisi layihələri üçün Xəzər dənizində ayrılması nəzərdə tutulan su sahələrinin razılaşdırılması, eləcə də yaşıl enerjinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası, şəbəkənin gücləndirilməsi və digər araşdırmalar barədə məlumatlar diqqətə çatdırılıb.
Sonra bərpa olunan enerji mənbələrindən istifadə edilməklə hidrogen istehsalı ilə əlaqədar həyata keçirilən araşdırmaların gedişi barədə təqdimat dinlənilib, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə hazırlanmış "Aşağı karbonlu hidrogen üzrə bazar araşdırması"nın nəticələri təqdim edilib.
Həmçinin “Masdar” şirkəti ilə imzalanacaq yeni investisiya müqaviləsinin əsas parametrləri barədə məlumat verilib. İnvestor şirkətlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı Katiblik tərəfindən hazırlanmış Yol Xəritəsinə dair müzakirələr aparılıb.
Sonda komissiyanın fəaliyyətindən irəli gələn cari məsələlərlə bağlı növbəti iclasadək görüləcək tədbirlər müzakirə olunub, rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.