AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun növbəti görüşü keçirilib

Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu çərçivəsində növbəti görüş olub. Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun rəhbərliyi, Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG Ener), Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qaz təchizatının diversifikasiyası, bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyi prioritetləri üzrə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin icrası 2027-ci ilədək Azərbaycandan Avropaya təbii qaz ixracının 20 milyard kubmetrədək artırılması ilə bağlı birgə səylərin gücləndirilməsini zəruriləşdirir: “Əlavə qazın tədarükü genişləndirilmiş təchizat marşrutlarını tələb edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir. Layihənin genişləndirilməsi üzrə işlərə başlamaq və irəliləyişlərə nail olmaq üçün əhəmiyyətli investisiyalara və maliyyə alətlərinə ehtiyac var. Bu xüsusda, avropalı tərəfdaşların dəstəyi vacibdir.”

Nazir, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi ilə yanaşı “Həmrəylik halqası” marşrutu, eləcə də Xəzər-Aİ “yaşıl enerji” dəhlizi kimi Avropaya təhlükəsiz və etibarlı mənbədən enerji resurslarını gətirən və şaxələndirən infrastrukturların inkişafı əhatəli enerji təhlükəsizliyi üçün önəmlidir. 

Enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qiymətləndirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə deyib ki, böhranın idarə olunmasından orta müddətli strateji planlaşdırmaya keçərkən Aİ-nin gözlənilən qaz tələbatını da nəzərə alırıq ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı vacib məsələlərdən biridir: “Biz dəhlizin genişlənməsini dəstəkləyirik. Bugünkü görüş növbəti konkret addımların müəyyənləşməsində bizə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı Cənubi Qafqaz qonşularımızı və tərəfdaşlarımızı bərpa olunan enerji istehsalının artırılması sahəsində dəstəkləyir. Məsələn, Xəzər regionunda Azərbaycanda metan emissiyalarının aşağı olması metan fəaliyyəti ilə bağlı ölkənin lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq.”

Enerji dialoqu Avropada qaz təchizatının mövcud vəziyyəti, anti-böhran tədbirlərində Cənub Qaz Dəhlizinin rolu, bərpa olunan enerji, enerji səmərəliliyi, həmçinin Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qaz infrastrukturu siyasətinə və “yaşıl enerji”nin inkişafının dəstəklənməsi üçün maliyyə alətlərinə dair təqdimat və müzakirələrlə davam etdirilib. Azərbaycandan qaz tədarükünə artan maraq əsasında müəyyənləşmiş tələbat həcmləri, hazırda işlənmə və kəşfiyyat mərhələsində olan yataqlardan gözlənilən hasilat və ixrac imkanları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar, yaşıl enerjinin ötürülməsinin icra vəziyyəti və enerji səmərəlliyi tədbirləri barədə məlumat verilib. Xəzər-Aİ “yaşıl enerji” dəhlizi üçün Qarşılıqlı Maraq Layihəsi statusunun əldə edilmə perspektivləri və prosedurları, eləcə də Avropa maliyyə institutları ilə Azərbaycanda mövcud və planlaşdırılan enerji layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Müxtəlif proqramlar çərçivəsində “yaşıl enerji”, o cümlədən “yaşıl hidrogen” və ammonyak, enerji səmərəliliyi, enerji sektorunda CCUS texnologiyalarının tətbiqi və metan tullantılarının azaldılması sahələrində Aİ ilə texniki, maliyyə dəstəyi və digər yardımlar üzrə əməkdaşlıq təklifləri dəyərləndirilib. Enerji dialoqu çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Xatırladaq ki, 4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında keçirilən görüşdə Aİ ilə Azərbaycan arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub. 

Göstərilən platformalarda paylaş: