AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası plenar sessiyalarla davam edib

Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası “Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib.

Nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması təbii qazla bərabər yaşıl enerjinin də bizim üçün prioritet olmasının təsdiqidir. Azərbaycan enerji təchizatında region ölkələri və Avropanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayan nazir deyib ki, 2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də  Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir: “2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 11,4 mlrd. m3-ə çatdırıldı. Qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün infrastruktura və apstrimə investisiya ilə bağlı qərarlarımızı tezləşdirməli, vaxt itirmədən bütün pay sahibləri mövqelərini konsolidasiya etməli və dəhlizin hərtərəfli şaxələnmə ilə genişləndirilməsinə başlamalıyıq. Bu gün, mənbəyi Azərbaycan olan “yaşıl enerji” dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropa ilə yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin “yaşıl enerji” dəhlizi olmağa iddialı bu marşrutla ikin mərhələdə 3-4 QVt-lıq “yaşıl enerji”nin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün “yaşıl enerji” və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin.”

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxışında bunları qeyd edib: “TANAP-ın Cənub Qaz Dəhlizinin əsas sütunu kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac belə yoxdur. Bu dəhliz, ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir. Bütün bu nəhəng layihələr sıx əməkdaşlıqda səmərəli şəkildə həyata keçirilməkdədir. Bu dəhlizin tətbiqi və Avropaya ticari qaz axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli bir addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacımız vardır. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq.”

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib: “Xəzər regionunun enerji resurslarının potensialı gələcək perspektivdə də Enerji siyasətimiz üçün vacib rol oynayır. Yeni uzunmüddətli təchizat müqavilələri vasitəsilə Aİ-na qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması üçün Cənub Qaz Dəhlizinin tutumunun artacağına ümid edirik. Bunun sadəcə istehlakçılar və ya İtaliya və Avropa kimi tranzit ölkələr üçün deyil, həm də istehsalçı ölkələr üçün önəmli bir perspektivin olduğuna inanırıq.”

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığının regional enerji əməkdaşlığı və təmiz enerjiyə keçid vasitəsilə enerji təhlükəsizliyi üçün zəmin yaradacağını qeyd edib.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran isə deyib: “Biz bp və digər Britaniya şirkətlərinin Cənub Qaz Dəhlizi və Azərbaycanın tərəqqisində oynadıqları transformativ roldan qürur duyur və Azərbaycanın yaşıl iqtisadiyyatın əsaslarını qoyduğu bir zamanda bu sıx əməkdaşlığın şaxələndirilməsinə davam edəcəyinə ümid edirik.”

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze isə bu fikirləri səsləndirib: "Cənub Qaz Dəhlizi enerji mənbələrinin imkan verdiyi, bununla da Aİ-yə üzv ölkələrin və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini dəstəklədiyi üçün Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, dəhliz boyunca və onun sərhədlərindən kənarda yerləşən ölkələrin dinamik proseslərinə və tərəfdaşlığına da start verib. Gürcüstan Cənub Qaz Dəhlizinin fəal tərəfdarıdır və layihə Gürcüstanın enerji baxımından körpü rolunu oynaması üçün çox vacibdir.”

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib: “Gərgin enerji böhranı səbəbindən Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb. Cənubi Qafqazda hasil edilən təbii qazın həcminin artırılması qısa və ortamüddətli perspektivdə diversifikasiya üçün ən əlverişli seçimdir. Azərbaycanda təbii qaz hasilatının artırılması Macarıstan və Mərkəzi Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynaya bilər, lakin bunun üçün Aİ-nın də dəstəyinin zəruri olduğu infrastrukturun regionda inkişafı tələb olunur. Biz macarlar, Azərbaycan qazının ən qısa zamanda Macarıstanın enerji təhlükəsizliyinə töhfə verəcəyinə ümid edirik.”

Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bildirib: “Rumıniyanın Bakıda ən yüksək səviyyədə onun zati-aliləri, Rumıniyanın Prezidenti cənab Klaus Yohannis, həmçinin energetika naziri tərəfindən təmsil olunması  ölkənin CQD-nin genişləndirilməsi planlarını dəstəklədiyini təsdiqləyir. Hazırki dövrdə belə qiymətli qaz nəqli infrastrukturunun gələcək inkişafı Cənub-Şərqi və Mərkəzi Avropa dövlətlərinin innovasiyalara, investisiyalara və açıq dialoqa əsaslanan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu işdə Rumıniya Cənub Qaz Dəhlizinin gələcək inkişafında tam etibar edilə biləcək etibarlı tərəfdaş olacaq.”

Bolqarıstanın energetika naziri Rossen Hristov çıxışında qeyd edib ki, enerji sektorundakı qlobal çağırışlar hərtərəfli həllər və qlobal səylər tələb edir. Beynəlxalq layihələr və əməkdaşlıq dəyişən geosiyasi şəraitdə Avropaya qaz təchizatının təmin edilməsinin ən effektiv və səmərəli üsuluna çevrilib. Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır.

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Aleksandra Sdoukou isə deyib: “TAP Aİ-nin enerji təchizatının şaxələndirilməsini gücləndirən strateji infrastrukturdur. Həmçinin, əlaqəli şəbəkə infrastrukturunun inkişafını asanlaşdıran bir magistral boru kəməri kimi xidmət edir. TAP-ın ötürmə gücünü ikiqat artırmaq səylərinə dəstəyimizi vurğulamaq istərdim. Yaxın gələcəkdə Yunanıstan, təxminən. 1 mlrd.m3 əlavə Azərbaycanın qazının alıcısı ola, Cənub-Şərqi Avropadakı digər bazarlar da TAP-ın artan ötürmə gücündən yararlana bilər.”

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib: “Albaniya 2023-cü ildə Enerji Birliyinə sədrlik edir. Bu il üçün hədəflərimiz bunlardır: enerji istehsalının şaxələndirilməsində, daim bərpa olunan mənbələrə əsaslanan, səmərəliliyin artırılması yolu ilə enerjiyə qənaət edən lider ölkə olmaq, sənaye və energetika sahələrinin qaz təchizatı üçün qaz infrastrukturunu inkişaf etdirmək. Albaniyanın məqsədi ekoloji cəhətdən təmiz enerji istehsalı olacaq.”

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunun sözlərinə görə, indi enerji sahəsində səyləri birləşdirmək və daha sıx əməkdaşlıq qurmaq həmişə olduğundan daha vacibdir: “Moldovadakı enerji böhranı və Avropada təbii qazın qiymətinin artması təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha vurğuladı. Altı ölkəni əhatə edən bu qaz nəqli sistemi, həmçinin əvvəllər təbii qaza çıxışı olmayan regionlarda da, enerji mənbələrinin və təchizatının şaxələndirilməsinə kömək edir."

Monteneqronun Baş nazirinin müavini, kapital investisiyaları naziri Ervin İbrahimoviç deyib: “Avropa Yaşıl Enerji Sazişinə və Avropa Birliyinin enerji siyasətinə uyğun olaraq, biz yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyinin yüksəldilməsi, həmçinin qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq üçün infrastruktur obyektlərinin inşası vasitəsilə enerji sektorunun inkişafını planlaşdırırıq. İon-Adriatik Boru Kəmərinin reallaşdırılması Monteneqro ilə yanaşı bütün region üçün də faydalı olacaq.”

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedovic mövqeyini belə ifadə edib: “Serbiya enerji təhlükəsizliyinə və iqtisadi inkişafa dəstək verən bu böyük dəyər zəncirinin bir hissəsi olmağa çalışır. Serbiya Cənub Qaz Dəhlizinə qoşulmaqla təchizat marşrutlarını şaxələndirəcək. Biz Azərbaycanı illik tələbatımızın üçdə birini ödəyə biləcək qaz təchizatçısı və mənbələrimizin şaxələndirilməsində əsas tərəfdaşlarımızdan biri kimi tanımışıq. Bu enerji mənbəyinin təchizat şərtləri ilə bağlı müzakirələr Serbiya istiqamətində 1,8 milyard kubmetr qaz tutumu olan və bu ilin payızında yekunlaşacağını gözlədiyimiz qaz qovşağının tikintisi ilə paralel aparılır. Biz qazın ilk tədarüklərinin 2023-cü ilin əvvəlinə gözləyirik, lakin bu, bütün iştirakçı tərəflərin kommersiya danışıqlarının sürətindən də asılıdır və ümid edirik ki, Azərbaycandan qazın Serbiya istiqamətində mümkün ən qısa zamanda nəqli üçün maksimum səmərəliliyə nail olacağıq.”

Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin enerji üzrə baş direktoru Kristina Celic isə bildirib: “Bu gün Azərbaycanda olmağımın əsas səbəbi olan İon-Adriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulamaq istərdim. Bu, Azərbaycanın Avropaya qaz nəql etməklə bağlı uzaqgörənlik sayəsində Aİ sərhədindən Cənub-Şərqi Avropaya qaz tədarükünü təmin edəcək dörd ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir.”

"Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” sessiyasında SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələrinin Cənub Qaz Dəhlizi layihəsi üzrə hesabatları təqdim edilib.

"Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Bildirilib ki, ötən ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə dördtərəfli formatda əməkdaşlığın əsası qoyulub. Lakin Xəzər dənizi ilə Qara dəniz, Azərbaycan ilə Avropa arasında “yaşıl enerji” körpüsünün qurulması daha geniş “yaşıl beynəlxalq komanda”nın formalaşmasını zəruri edir. Çünki Cənub Qaz Dəhlizi kimi bu dəhliz də Avropa İttifaqı və Cənub-Şərqi Avropa ölkələrinə enerji təchizatını və tranzit marşrutlarını şaxələndirəcək. Daha çox Avropa ölkəsinə genişləndirilmək perspektivinə malik olacaq.

Sessiyada BOEMDA, SOCAR, “Masdar”, bp, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Asiya İnkişaf Bankı və Dünya Bankının yaşıl enerjiyə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib.

Göstərilən platformalarda paylaş: