Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Tunisin sənaye, mədən və energetika naziri Neila Nouira Gongi ilə görüşüb.
Görüşdə iki ölkə arasında xam neftin tədarükü və bərpa olunan enerji ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. SOCAR və STİR (Tunis Dövlət Neft Şirkəti) şirkətləri arasında Azərbaycan və müxtəlif mənşəli xam neft, neft məhsullarının təchizatı üzrə on ildən çox əməkdaşlıq edildiyi qeyd olunub. Tunisli nazir ölkəsində neft emalı məqsədilə keyfiyyətli Azərbaycan xam neftinə ehtiyac olduğunu və neft tədarükü istiqamətdə hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığı davam etdirmək niyyətini ifadə edib.
Görüşdə hər iki ölkənin enerji təchizatının şaxələndirilməsi və bərpa olunan enerjinin inkişafına hədəflənən enerji kursundan bəhs edilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki, neft və təbii qazın etibarlı ixracatçısı olan Azərbaycan “təmiz enerjinin” də tədarükçüsünə çevrilməyi planlaşdırır. “Bu məqsədlə 23 QVt-lıq “yaşıl”enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edilir. Biz özümüzün və tərəfdaşlarımızın enerji təhlükəsizliyində diversifikasiyaya üstünlük verən siyasətimizi davam etdiririk”, deyə nazir əlavə edib.
Nazir Neila Nouira Gongi isə bərpa olunan enerji və enerji məsələlərinin tənzimləməsində Azərbaycanla təcrübə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.