AREA

Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Görünüş

AREA-nın direktor müavini Kamran Hüseynov 3-cü Xəzər Avropa Forumunda iştirak edib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Almaniyanın paytaxtı Berlin şəhərində hibrid formatda keçirilən 3-cü Xəzər Avropa Forumunda iştirak edib.

Kamran Hüseynov “Avropada yeni regional təhlükəsizlik” adlı sessiyada “Azərbaycanda bərpa olunan enerji və hidrogen enerjisinin inkişafı” mövzusunda onlayn formatda çıxış edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən cari onillikdə qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq “yaşıl enerji” mənbələrindən istifadə təşviq edilir. Direktor müavini, həmçinin Azərbaycanın bərpa olunan enerji potensialından, beynəlxalq şirkətlərlə imzalanmış müqavilələrdən, həyata keçiriləcək pilot layihələrdən və işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Xəzər dənizinin Azərbaycan akvatoriyasında külək enerjisi potensialı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə hazırlanmış Yol Xəritəsi barədə məlumat verilib. Həmçinin, hidrogen istehsalı və ixracı potensialı, bu istiqamətdə yaradılmış İşçi Qrupun fəaliyyəti diqqətə çatıdırılıb.

Tədbirdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin, həmçinin Almaniyanın hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək səviyyəli rəhbər şəxsləri iştirak ediblər.
 

Göstərilən platformalarda paylaş: